Bakıda maşın hündürlükdən başqa avtomobilin ÜSTÜNƏ DÜŞÜB

Ötən gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA TV-nin məlumatına görə, qəza Bakının Yasamal rayonunda, "Şamaxinka" adlanan yerdə baş verib. 42 yaşlı Hüseynov Xəyyam Telman oğlu "VAZ-21011" markalı avtomobillə "20 Yanvar" metrostansiyası istiqamətində yüksək sürətlə hərəkətdə olarkən "Şamaxinka" dairəsindən yolun əks istiqamətinə keçmək istəyib. Lakin sürücü idarəetməni itirib və dəmir məhəccərləri sındıraraq, tunelə düşüb. Həmin vaxt tuneldən Sumqayıt istiqamətində hərəkətdə olan və Azər Nağıyevin idarə etdiyi 90 GR 232 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil keçirmiş. "VAZ-21011" həmin avtomobilin üstünə düşüb.

 

Qəza nəticəsində "VAZ-21011"-in sürücüsü Xəyyam Hüseynov ağır bədən xəsarətləri alıb və 1 saylı şəhər kilinik xəstəxanasına çatdırılıb. Həmin avtomobildəki 2 sərnişin və "Mercedes"in sürücüsü xəsarət almayıb.

Yol-nəqliyyat hadisəsi zamanı ətrafa yanacaq dağılıb. Yanğınsöndürənlər ərazidə təhlükəsizlik tədbirləri görüblər.

 

İlkin ehtimala görə, "VAZ-21011"-in sürücüsü avtomobili idarə edərkən sərxoş olub.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv