Bakıda Film Festivalı başladı

Nizami Kino Mərkəzində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının təntənəli açılış mərasimi keçirilib. APA TV-nin xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində Azərbaycanın turizm potensialını əks etdirən fotosərgi ilə tanış olublar.

 

Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" sənədli filminin təqdimat mərasimi keçirilib. 

 

Məşhur fransız aktyor Jerar Depardye, illüstrasiyaçı rəssam Matyo Sapanla yanaşı, aktyor Ənvər Həsənov və tanınmış televiziya aparıcısı Fuad Axundovun da çəkildiyi filmin quruluşçu rejissorları Stefan Berqunyu, Jan-Pyer Devilerdir. Filmin ssenari müəllifləri Fuad Axundov, Stefan Berqunyu, Jan-Pyer Deviler, Lesli Qranberq, quruluşçu operatoru Stefan Byon, prodüserləri Arno Friley və Cavid İmamverdiyevdir.

 

Ekran əsərində 1858-ci ildə Qafqaza, o cümlədən Azərbaycana səyahət etmiş məşhur fransız yazıçısı və səyyahı Aleksandr Dümanın “Qafqaz” əsərində yazdıqları şərh edilir, onun izi ilə J.Depardyenin Azərbaycana səyahətindən bəhs olunur. Filmdə məşhur aktyorun vasitəsi ilə yazıçının niyə məhz bu məkandan təsirləndiyi aydın olur. A.Düma kimi J.Depardye də səyahət zamanı maraqlı insanlarla rastlaşır bir-birindən gözəl yerləri kəşf edir.

 

I Bakı Beynəlxalq turizm filmləri festivalının müsabiqəsi 7 nominasiyadan ibarətdir. Festivala ümumilikdə, 38 ölkədən 140 rejissor 215 film təqdim edib. 31 ölkədən 74 rejissorun 78 filmi müsabiqəyə buraxılıb. Müsabiqənin proqramında 14 azərbaycanlı rejissorun da filmləri yer alıb.

 

Münsiflər heyəti hər kateqoriyada 3 film seçəcək. Birinci yerə Qızıl mükafat, ikinci yerə Gümüş mükafat, üçüncü yerə Bürünc mükafat - təqdim ediləcək.

 

Festivalın ən yaxşı filminə isə “Qran-pri” - diplom, mükafat və 4000 avro pul təqdim olunacaq.

 

Filmlər noyabrın 21-dən 23-dək hər gün səhər saat 11:00-dən etibarən Nizami Kino Mərkəzində nümayiş olunacaq. Giriş sərbəstdir.

 

Festivalın bağlanış və mükafatlandırma mərasimi noyabrın 23-də nəzərdə tutulub.

 

Qeyd edək ki, festivalın informasiya dəstəkçiləri arasında APA Holdinq də var.

Müəllif | Apa.Tv