Ovlanması qadağan olunan çöl quşları bazarlarda necə satılır?

Çöl quşlarının ovlanmasına qoyulan qadağa qüvvədə olsa da, ov quşları  bazar və yol kənarlarında sərbəst satılır. Cənub bölgəsinin bazarlarında, yol kənarlarında çöl ördəyi, qaşqaldaq kimi quşlarla yanaşı, “qırmızı kitab”a düşən sultan toyuğunun, qu quşunun satılması adi hala çevrilib.

 

Noyabrın 4-dən “quş qripi” xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinq başa çatıb və ölkə ərazisində bu virusu daşıyan çöl quşları aşkarlanmayıb. APA TV-nin xəbərinə görə, buna baxmayaraq, çöl quşlarının ovuna qoyulan qadağa qüvvədə qalıb.

 

Lənkəran rayonunun girişdəki Qumbaşı kəndində magistral yolun kənarlarında ov quşlarının açıq satışı göz qabağındadır. Söhbət zamanı ehtiyacları olduğundan çöl quşunu satmaqla gəlir əldə etdiklərini deyən satıcılar bildirirlər ki,  quşu qonşu rayonlardan alıb gətirirlər.
Üz tutduğumuz digər bir ünvanda - Lənkəranın mərkəzi bazarında da çöl quşlarının açıq satışı ilə qarşılaşdıq. Satıcılar deyirlər ki, bu quşların alıcıları çox olur.
Brokonyerlər tərəfindən hələ də qanunsuz quş ovlanma faktlarının davam etdiyini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi idarəsindən də təsdiqlədilər.

 

ETSN-nin 1 saylı ərazi idarəsinin əməkdaşı Ramiz Bəbirov deyib ki, reydlər zamanı 10 tüfəng götürülüb, çoxlu sayda çöl quşları götürülərək zərərsizləşdirilib və yandırılıbÇöl quşlarını qanunsuz ovlayanlara qarşı mübarizə məqsədi ilə tərtib olunmuş dörd inzibati qaydada iş məhkəmə orqanlarına göndərilib.

 

Lənkəran Rayon Baytarlıq İdarəsindən isə ölkədə quş qripi təhlükəsi olmasa da, ehtiyatı əldən verməməyi tövsiyə etdilər.

 

Lənkəran rayon Baytarlıq İdarəsinin rəisi Rövşən Əliyev bildirdi ki, satışa qadağa qoyulsa da, əhali bunu başa düşmür. Bunun əhəmiyyətini başa düşmür.

 

İnzibati Xətalar Məcəlləsində qanunsuz quş ovuna və satışına görə 1000  manatdan 2000 manata qədər cərimə nəzərdə tutulub.
 

Müəllif | Apa.Tv