MTN-in şöbə müdiri: “Sərhədlərin bir hissəsi nəzarətsizdir”
“Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi enerji təhlükəsizliyinin təmin olunması sahəsində bütün strukturlar, o cümlədən beynəlxalq qurumlarla əməkdaşlığa hazırdır”.
APA TV-nin xəbərinə görə, bu sözləri MTN-nin Enerji infrastrukturunun müdafiəsi şöbəsinin rəhbəri Cavad Tinayev “Enerji təhlükəsizliyinə vahid yanaşma: NATO-nun və digər tərəflərin mövqeyi” mövzusunda Bakıda keçirilən konfransda çıxışında deyib.
Cavad Tinayev müxtəlif terror təşkilatlarının enerji infrastrukturuna müdaxilə cəhdləri ilə bağlı olan risklərə diqqəti cəlb edib və bu cür cəhdlərin qarşısının MTN tərəfindən vaxtında alındığını deyib.
O, Cənubi Qafqazdakı münaqişələr və separatçı qüvvələrin mövcudluğuna da diqqət çəkərək bildirib ki, Azərbaycan ərazilərinin müəyyən hissəsinin işğalı faktı da təhlükə mənbəyidir: “Sərhədlərin bir hissəsi nəzarətsizdir, bu isə terror təşkilatlarının fəaliyyəti üçün əlverişli şərait yaradır. Bundan başqa, Qərb istiqamətində çəkilmiş boru kəmərlərinin bir qismi qoşunların təmas xəttinin yaxınlığında yerləşir. Bu da təhlükə istiqamətlərindən biridir”.
Dəniz akvatoriyasında enerji təhlükəsizliyin təminatı məsələsinə toxunan C. Tinayev əlavə edib ki, Xəzərin hüquqi statusunun müəyyən olunmaması Azərbaycanın bu istiqamətdəki cəhdlərinə neqativ təsir göstərir.
Tədbir Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən, NATO ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Tədbirdə çıxış edən NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru Uilyam Lahyu üç Cənubi Qafqaz ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla əməkdaşlıqlarının vacibliyini vurğulayıb. O, Azərbaycanı NATO-nun vacib tərəfdaşı adlandırıb.
Daha sonra konfrans panel müzakirələrlə davam etdirilib.