ABŞ səfirinin müavini: “Prezidentlərin görüşü sülhə doğru mühüm addımdır"

“Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri və ABŞ Dövlət Departamenti bəyanat yayıb. Bu sənədlərdə də deyildiyi kimi, biz prezident İlham Əliyev və Serj Sarkisyanın görüşünü dəstəkləyirik. Bu görüşü sülh danışıqları üçün mühüm addım hesab edirik”. 

 

APA TV-nin xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan deyib. Səfir müavini bildirdi ki, hər iki prezident tezliklə bir daha görüşməyə razılıq verib: "Bu görüşün hazırlıq mərhələsi olaraq, dekabrın 5-6-da Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək”.

 

D. Hoqan əlavə etdi ki, bu istiqamətdə görüləcək iş çoxdur, ABŞ da Minsk Qrupunun həmsədrlərindən biri olaraq, öz işini həmişə görməyə hazırdır.

Bakıda “Qlobalıq Sahibkarlıq Həftəsi” çərçivəsində “Azərbaycanda kiçik sahibkarlığın inkişafı” adlı konfrans keçirilib. ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə təşkil olunmuş tədbirdə dövlət qurumları, ictimai birliklər, beynəlxalq təşkilatlar, səfirliklər, beyin mərkəzləri və universitetlərin nümayəndələri iştirak etdilər.

Müəllif | Apa.Tv
Almaz Qasımova