Lavrov: "Xəzərin statusunu sahilyanı dövlətlər müəyyən etməlidir"
"Xəzər dənizinin hüquqi statusuna dair daha əvvəl imzalanmış və hazırlanmaqda olan sazişlərdə göstərilən əməkdaşlıq istiqamətlərini konkretləşdirməyin vaxtı çatıb".
APA TV-nin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, hazırda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsi üzərində iş pis getmir. Nazir son iki ildə danışıqlar prosesinin yüksək intensivliklə davam etməsinin sevindirici olduğunu bildirib. Onun sözlərinə görə, Xəzərin ətraf mühitinin mühafizəsi üzrə Tehran Konvensiyasının yeni protokollarının, hidrometeorologiya, Xəzərin bioloji ehtiyatlarının qorunması və rasional istifadəsi, fövqəladə hallar barədə xəbərdarlıq və onların nəticələrinin ləğvi barədə sazişlərin işlənib hazırlanması yekun mərhələdədir: “Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair 2010-cu ildə imzalanmış sazişin ratifikasiyası da yekun mərhələdədir. Bu, sahilyanı ölkələrin bizim hamımız üçün aktual olan təhlükə və təhdidlərlə daha səmərəli mübarizə üçün yaxşı imkanlar açır. Hesab edirik ki, ratifikasiya prosesini başa çatdıraraq müxtəlif əməkdaşlıq istiqamətlərini konkretləşdirən protokolların hazırlanmasına başlamalıyıq ”.
Xəzəryanı dövlət başçılarının növbəti sammitinin 2014-cü ilin ortalarında Həştərxanda keçiriləcəyini deyən Sergey Lavrov onu da qeyd edib ki, gələn ilin yazında Moskvada Xəzər problemlərinə dair nazirlərin konfransı keçirilə bilər. Rusiyalı nazir bildirib ki, Xəzərin hüquqi statusu yalnız sahilyanı dövlətlər tərəfindən müəyyən edilməlidir.
Noyabrın 21-də Rusiyada Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması üzrə işçi qrupun xarici işlər nazirlərinin müavinləri səviyyəsində 34-cü iclası keçirilir.