Qüdrət Həsənquliyev: "AZAL və digər bu kimi strukturlar özəlləşdirilməlidir"
Milli Məclisin 2017-ci il yaz sessiyasında son plenar iclası başlayıb. APA TV-nin məlumatına görə, iclasın gündəliyinə 38 məsələ daxil edilib.
Əvvəlcə "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirə edilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, neftin ucuzlaşmasına və xarici risklərə baxmayaraq dövlət büdcəsi üzrə vəzifə və öhdəliklər tam yerinə yetirilib.
Komitə sədri qeyd edib ki, Azərbaycanın xarici dövlət borcu ÜDM-in 20,4 faizini təşkil edir.
Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabata rəhbərlik etdiyi qurumun rəyini açıqlayıb. O deyib ki, ötən il 117 dövlət qurumundan hesabatlar alınıb və 10,5 mlrd. manatlıq vəsaitin icra vəziyyəti təhlil edilib.
Maliyyə naziri Samir Şərifov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında 2016-cı ildə mühüm sosial vəzifələr icra olunub.
Millət vəkili Zahid Oruc qeyd edib ki, devalvasiya prosesinin başlandığı 2015-ci ildən hazırkı dövrə qədər Mərkəzi Bankın valyuta ehtiyatları 71%, yəni 9,8 milyard manat həcmində azalıb. Deputat bildirib ki, edib ki, iki devalvasiya nəticəsində vətəndaşlarla banklar arasında yaranmış vəziyyəti tənzimləmək üçün Konstitusiya Məhkəməsi həmin hüquqi məsələni tənzimləyən bu prosesə baxıb və bankların xeyrinə qərar çıxarıb: “Bunun nəticəsində insan məhkəmələrə baş vurur, amma nəticə həmin qərardan kənara çıxmır. Minlərlə insanın əleyhinə qərarlar verilir. Məhkəmə, bank bucağında insanlar özlərinin hüquqi müdafiəsini görmürlər. Biz parlament vasitəsilə Konstitusiya Məhkəməsinə həmin hüquqi sənədlərə yenidən baxılması üçün təkliflər etməliyik”.
Deputata cavab verən Milli Məclis sədri Oqtay Əsədov ona irad bildirib: "Zahid müəllim, danışığından belə çıxır ki, 100 min adam Konstitusiya Məhkəməsinə müraciət edib, o da millətə qarşı qərar çıxardıb? Bu nə deməkdir? Konstitusiya Məhkəməsi dövlətin bir qoludur”.
Deputat Qüdrət Həsənquliyev ÜDM-in azalmasından narazılıq edib. O bildirib ki, hər il borc və faizlərin büdcədən ödənilməsi narahatlıq yaradır: "Məsələn, AZAL-a görə 624 milyon manat ödənilib. Bu nəyə lazımdır? Hesab edirəm ki, AZAL və digər bu kimi strukturlar özəlləşdirilməlidir. Məsələn, götürək Şahdağ Turizm Kompleksini. Niyə dövlət bunu saxlamalıdır? Həmçinin səhmdar cəmiyyətlər var ki, onları özəlləşdirmək lazımdır. Dövlət xəstəxanalarının saxlanılmasına 100 milyonlarla maliyyə xərclənir. Buna nə ehtiyac var? Düşünürəm ki, bunların hamısının özəlləşdirilməsi zamanı çatıb".
Müzakirələrdən sonra adı çəkilən qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat səsə qoyularaq qəbul edilib.
Bununla da Milli Məclisinin yaz sessiyası başa çatıb.