İnsan dişlərindən düzələn fiqurlar - REPORTAJ

Bizim qəhrəmanımız diş həkimidir. Bütün stomatoloqlar kimi onun da işi xəstə dişləri sağaltmaqdır. Ancaq o təkcə dişləri müalicə etmir, həm də... Bunu indi biləcəksiniz.

 

“Piramida, Qız qalası, Eyfel qülləsi, şahmat fiqurları... Bu gördükləriniz şüşədən, daşdan və başqa materiallardan yox, dişdən, həm də insan dişindən hazırlanıb.
 

Bu fiqurları 47 yaşlı diş həkimi Zakir Cəfərov düzəldib. Tibb elmləri namizədi Zakir Cəfərov 17 ildən bəridir Gəncədə həkim kimi fəaliyyət göstərir. Onun işlədiyi otağa girəndə insan dişlərindən hazırlanan maraqlı fiqurlarla rastlaşmaq olar. Həkim APA TV-yə müsahibəsində deyib ki, bu fiqurların ərsəyə gəlməsində elmi işinin böyük əhəmiyyəti olub. O, Azərbaycanın qərb bölgəsində uzun müddət araşdırma apararkən çoxlu diş də toplayıb.
 “Biz bu dişləri yığandan sonra belə qərara gəldik ki, bunlardan fiqurlar düzəldək və maraqlı fiqurları camaata göstərək. Bunun üçün Fransanın simvolu olan Eyfel qülləsini götürdük. Azərbaycanın simvolu olan Qız qalasını hazırladıq”.
 

Həkim deyir ki, dişlərdən fiqurlar düzəltmək üçün xüsusi texnologiya lazımdır. Belə ki, yığılan dişlər əvvəlcə dezinfeksiya məqsədi ilə bir neçə ay xüsusi mayedə saxlanılır. Dişlər təmizlənib ağardıldıqdan sonra fiqurların hazırlanmasına başlanır. Zakir həkimin dediyinə görə, il ərzində toplanan dişlərdən 2-3 fiqur düzəltmək mümkündür. Hər fiqurun hazırlanmasında 5-6 min dişdən istifadə olunur.
 

“Ağıl dişləri bir cərgədə durur, məsələn, biz fiqurların kənarlarına arxa dişləri yapışdırırıq. Bir köklü dişləri isə onun ön hissələrindən qoyuruq ki, ardıcıllıq pozulmasın. Məsələn, alt və üst  dişlər, ağıl dişləri ayrıca qoyulur”.
Zakir Cəfərovun sözlərinə görə, fiqur düzəltmək üçün hər dişdən istifadə etmək mümkün deyil. Çox hissəsi çürüyən, kökü olmayan, bir sözlə, formasını itirən dişlərdən istifadə edilmir. Müsahib narahatçılıq doğuran bir məsələyə də toxunub. Dediyinə görə, əvvəllər yaşlı insanların dişi daha çox çürüyürdüsə, son vaxtlar gənclərin dişləri daha çox xarab olmağa başlayıb. Həkim bunu kalsium çatışmazlığı ilə əlaqələndirir: “Demək olar ki, ağartı - süd məhsullarından istifadə eləmirlər. Bu da bədəndə gedən kalsium mübadiləsinə təsir göstərdiyinə görə, kalsium çatışmazlığı nəticəsində dişlər xarab olmağa başlayır”.
 

İnsanlara dişlərini qorumağı məsləhət görən həkim növbəti fiqur üzərində çalışır. Onun sözlərinə görə, bu işlə boş vaxtlarında məşğul olur. Zakir Cəfərov əl işlərini nə satır, nə də hədiyyə edir. Deyir ki, gələcəkdə Gəncədə diş formasında bir klinikanın tikintisi və həmin klinikada stomatoloji muzeyin təşkili nəzərdə tutulur. Turistlərə də maraqlı olacaq o muzeydə dişdən düzəldilən fiqurlar nümayiş etdiriləcək.
 

 

Vüsal Məmmədov, Nazir Quliyev, APA TV

Müəllif | Apa.Tv
Vüsal Məmmədov