Nazir əhəng çöküntülərinin dənizə axıdılmasından danışdı
Son illər Zeytun ağaclarının məhv olmasının qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi damcılı suvarma ilə müşahidə olunan 1382 hektar zeytunluq salıb. APA TV-nin xəbərinə görə, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib ki, bu, son 3 ildə təkcə Abşeron yarımadası və ətraf ərazilərdə salınan 3500 hektardan çox yaşıllaşdırılan ərazinin yarısı deməkdir. Nazir 2012-ci ilin sonuna kimi əkilən 2 milyon 515 min ağacdan yalnız 2-3% yaşamadığını deyir.
Azərbaycanda daş karxanalarının bərpa olunması ilə bağlı yeni bir layihənin hazırlandığına da toxunan nazir deyir ki, Maliyyə Nazirliyi, daş karxanalarının bərpa olunmasının karyer sahiblərinin öz hesabına həyata keçirilməli olduğunu bildirsə də lakin bu çətin məsələdir. Hazırda yeni karyer sahiblərindən tələb olunur ki, işə başlamadan öncə ərazisini bərpa etsin. Daş karxanalarının çox tarixi və ənənəvi fəaliyyət növü olduğunu deyən nazir Bakının 90%-nin bu fəaliyyət nəticəsində tikildiyini bildirdi.
Əhəng çöküntülərinin dənizlərin və gölməçələrin doldurulmasında istifadə edilməsinə gəlincə, nazir qeyd etdi ki, karyerlərin əhəng çöküntülərinin dənizə axıdılması geniş miqyasda yox, ayrı-ayrı ərazilərdə olur: “Bu, sement istehsalı üçün əhəmiyyətli material olduğundan, onu sement zavodları təhvil alır. Belə bir məqamda inanmıram ki, həmin əhəng çöküntülərindən hansısa ərazini doldurmaq üçün geniş istifadə etsinlər. Sement zavodları işə düşəndən sonra onu qramla əldə edəcək ki, tullantılardan sement istehsalında istifadə edə bilsin”.
Bakı Ekspo Mərkəzində “Xəzər: ətraf mühit üçün texnologiyalar” mövzusunda Beynəlxalq Ətraf Mühit Sərgisi keçirilir. Sərgidə Azərbaycan, Almaniya, İtaliya, İspaniya, Qazaxıstan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən 58 şirkət iştirak edir.