Hesablama Palatasına yeni sədr
"Hesablama Palatasında kadr islahatları aparılmayacaq".
APA TV-nin xəbərinə görə, bunu Hesablama Palatasının sədrliyinə namizədliyi irəli sürülən Vüqar Gülməmmədov deyib. Qurumun qarşıda duran işləri barədə danışan Vüqar Gülməmmədov deyib ki, son dövrlər Hesablama Palatasında işlərin təşkili, formalaşması ilə bağlı bir çox iş görülüb: "Hazırda Hesablama Palatasının qanunvericilik aktlarının müvafiq təkmilləşmənin aparılması, onun statusunun, müstəqilliyi ilə bağlı əlavə təkliflər hazırlanır. Bundan başqa, "Vahid maliyyə nəzarəti haqqında" qanun layihəsi üzərində işlər gedir. Burada kənar və daxili auditin sərhədlərinin çərçivələrinin müəyyənləşdirilməsi əsas yer tutur ".
Vüqar Gülməmmədovun Hesablama Palatasının sədrliyinə namizədliyi Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında irəli sürülüb. İclasda çıxış edən komitənin sədri Ziyad Səmədzadə bildirib ki, Hesablama Palatası Azərbaycanın ali maliyyə qurumu hesab olunur və burada palatada professional mütəxəssislər təyin olunub. Müzakirələrdən sonra millət vəkilləri Vüqar Gülməmmədovun namizədliyini dəstəkləyərək, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmasını müdafiə ediblər.
Vüqar Gülməmmədov buna qədər Hesablama Palatası Aparatının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.