Bakının mərkəzindəki restoranda NATƏMİZLİK
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi restoranlarda yoxlamaları davam etdirir. Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Nəzarət Xidməti bu dəfə Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi 36 ünvanında yerləşən fiziki şəxs İslamov Şükürə məxsus “Sultan” restoranında dövlət nəzarəti aparıb. APA TV-nin xəbərinə görə, araşdırma zamanı müəyyən edilib ki, müəssisənin mətbəxində sanitariya norma və qaydaları pozulub, natəmizlik hökm sürür. Müəssisədə kulinariya məmulatları reseptura olmadan hazırlanır, istifadə olunan məhsulların mənşəyini və keyfiyyətini bildirən müvafiq sertifikatlar yoxdur, mətbəxdə
temperatur rejiminə düzgün əməl olunmur. Həmçinin, bütün hazır yeməklər alüminium qazanlarda soyuducuda ağzıaçıq saxlanılır, bir gün öncədən bişmiş yeməklər olan qazanlar bir-birinin üzərinə qoyularaq qapaqsız saxlanılır.
Restoranda istehlakçı hüquqları pozularaq bir neçə gün əvvəldən hazırlanmış yeməklər yeni hazırlanmış qida adı ilə təklif olunur. Müəssisədən ət farşı, “şuba” salatı, “mimoza” salatı, səbzi qovurma yeməklərindən götürülən nümunə Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib.
Araşdırma davam etdirilir.