Bakı-Qazax yolundakı körpü hər an uça bilər
Son günlər qərb bölgəsindəki yağışlı hava, ağırtonnajlı avtomobillərə normadan artıq yükün vurulması Bakı-Qazax-Gürcüstan magistralının 372 km-də bir sıra fəsadlar yaradıb. APA TV-nin xəbərinə görə, magistral yolun Şəmkir rayonu, Könüllü kəndindən keçən çayın üzərindəki körpü keçidi qəzalı vəziyyətə düşüb. Bir neçə gündür, körpü keçidinin mərkəzində iri çatlar və çöküntü əmələ gəlib. Hər an uçma təhlükəsi gözlənilir. Daim bu yoldan istifadə edən sürücülər körpüdə yaranmış vəziyyətdən narahatdırlar. Çünki yolda avtomobilin kiçik bir çuxura düşməsi ağır qəza törədə bilər. Hazırda yolun bu hissəsində gediş-gəliş qismən məhdudlaşdırılıb. Ərazidə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Alayının 9-cu taqımının əlavə polis əməkdaşları növbə çəkir.
“Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev vəziyyətdən xəbərdar olduqlarını və yaxın günlərdə körpünün qəzalı olan hissəsinin təmirinə başlanılacağın bildirib. Baş Dövlət Yol Polisi İdarəsinin tağım komandiri Xaliq Ələkbərov isə deyir ki, vəziyyətə tezliklə müdaxilə edilməlidir. Əks halda körpü tam yararsız hala düşə bilər.