Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarılır
Türkiyə Daxili İşlər Nazirliyi "Fətullahçı Terror Təşkilatı"nın (FETÖ) lideri Fətullah Gülən də daxil olmaqla, 130 nəfərin Türkiyə vətəndaşlığından məhrum edilməsinə qərar verib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, vətəndaşlıqdan məhrum edilənlər sırasında Xalqların Demokrat Partiyasının iki millət vəkili - Fayzal Sarıyıldız və Tuğba Hezer də var.
Qərarda qeyd edilir ki, Türkiyə Cinayət Məcəlləsinə əsasən xaricdə olan və haqlarında təhqiqat aparılan şəxslər vətəndaşlıqdan xaric olunmaları barədə qərarın elan olunmasından sonra 3 ay ərzində Türkiyəyə dönməzlərsə və rəsmi orqanlara müraciət etməzlərsə, vətəndaşlıqdan məhrum ediləcəklər.
Qeyd edək ki, F. Gülən 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilində günahlandırılır.