Yeni MÜDAFİƏ NAZİRİNDƏN AÇIQLAMA: "Kadr islahatları davam edəcək"

“Müdafiə Nazirliyində kadr islahatları davam etdiriləcək”.

 

Bunu APA TV-nin Moskva müxbirinə Rusiya paytaxtında səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

 

Zakir Həsənov keçmiş müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin vaxtında istefaya göndərilmiş hərbçilərin yenidən vəzifəyə təyin olunmasına da münasibət bildirib.

 

O bildirib ki, yeni təyinatlar həmin hərbçilərin keçmiş müdafiə naziri tərəfindən istefaya göndərilmələri ilə əlaqəli deyil: “İstefada olan hərbçinin fiziki cəhətdən orduda xidmət etməyə imkanı varsa, yəni yararlıdırsa və hərbi təcrübəsi imkan verirsə, araşdırmalardan sonra həmin şəxsi ordu sıralarına dəvət edirik. İstefada olan hərbçilərdən bundan sonra da hərbi xidmətə qayıdanları olacaq”.

 

Rusiya paytaxtında MDB ölkələri Müdafiə Nazirləri Şurasının 65-ci iclası keçirilib. Rusiya müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə keçirilən iclasda Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Belarus, Ukrayna və Moldovanın müdafiə nazirləri, MDB İcraiyyə Komitəsinin sədri və MDB-nin digər strukturlarının nümayəndələri iştirak ediblər.

 

İclasın gündəliyində MDB ölkələrinin qarşılıqlı hərbi əməkdaşlığına dair 20-dən çox məsələ olub. İştirakçılar MDB müdafiə nazirləri şurasının işçi orqanlarının 2013-cü ildə fəaliyyətinə yekun vurub və 2014-cü il üçün fəaliyyət planını təsdiq ediblər.

 

İclasdan sonra Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqo ilə görüşü zamanı Gümrüdəki 102 saylı hərbi bazanın komandanı Andrey Ruzinskinin “Krasnaya Zvezda” qəzetinə müsahibəsində səsləndirdiyi “Azərbaycan Dağlıq Qarabağda əməliyyata başlasa, hərbi baza münaqişəyə qoşula bilər” bəyanatını gündəmə gətirib. S. Şoyqu isə A. Ruzinskinin sözlərinin təhrif olunduğunu bildirib: “Çox güman ki, bu, müsahibəni götürən jurnalistin səhvi olub” deyə rusiyalı nazir qeyd edib. 

Müəllif | Apa.Tv
Apa.tv