Minik maşını yük avtomobilinə çırpıldı, sərnişin öldü
İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, gecə saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində minik maşını yük avtomobilinə çırpılıb. İmişli istiqamətində hərəkətdə olan və İmişli sakini Əbilov Vaqif Ədil oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil İmişli sakini Vüqar Ağaşova məxsus olan və yol kənarında dayanan QAZ-53 markalı yük maşınına dəyib. Nəticədə “Mersedes”in sərnişini, İmişli sakini 1958-ci il təvəllüdlü Valeh Haqverdi oğlu Məmmədov dünyasını dəyişib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Onlar minik avtomobilində sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıblar. Faktla bağlı araşdırma aparılır.