Zəlzələ anında nə etməli?
Sirkələnən otaq, aşan stollar, həyəcan, qışqırıq.... Buna səbəb məktəbdə dərs zamanı baş verən zəlzələdir. Amma şərti. Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi paytaxtın Nəsimi rayonundakı 5 saylı orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı?” adı altında maarifləndirici tədbir keçirib. APA TV-nin xəbərinə görə, tədbirin praktik hissəsində şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “Zəlzələ həyəcanı" yaradılıb. Şagirdlərə zəlzələ baş verən zaman necə qorunmalı olduqları, xilasetmə qrupları tərəfindən şagirdlərin fəlakət zonasından təxliyəsi, zəlzələ zamanı düzgün mövqe tutmaq qaydaları, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi və digər təxirəsalınmaz qəza-bərpa işlərinin vaxtında və düzgün icrası əyani şəkildə göstərilib.
FHN-in Bakı Regional Mərkəzinin zabitləri şagirdlə fövqəladə hallar, onların fazaları, təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi, sel və daşqınlar, yol qəzaları, partlayışlarla bağlı və “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır” mövzularında izahat veriblər. Tədbirdə “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri və vəziyyətdən çıxmağın yolları” mövzusuna dair video çarx nümayiş olunub.
Bundan başqa, fövqəladə hallar zamanı xilasedicilər tərəfindən istifadə olunan texniki vasitələr də şagirdlərə nümayiş etdirilib. Şagirdlər həmçinin, praktiki olaraq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürmə prosesini izləyiblər.