Dövlət büdcəsi qəbul edildi
Milli Məclisin növbəti iclası keçirilib. Gündəlikdə duran ilk məsələ millət vəkillərin təkliflərinə baxılması üçün hökumətə göndərilən 2014-cü ilin büdcəsinə yenidən baxılması olub. APA TV-nin xəbərinə görə, bu barədə danışan maliyyə naziri Samir Şərifov bildirib ki, gələn ilin büdcəsi balanslaşdırılmış büdcədir və ölkənin inkişafına xidmət edəcək. Onun sözlərinə görə, Milli Məclisin saxlanılmasına dövlət büdcəsindən ayrılan vəsait 752 min manat artırılacaq. Belə ki, büdcə xərclərində müəyyən dəyişikliklər edilərək bu artımı həyata keçirmək mümkündür. Nazir müzakirələr zamanı siyasi partiyalara ayrılan vəsaitlərin artırılması ilə bağlı irəli sürülən təklifə baxıldığını və hökumətin bu barədə gəldiyi qərarı açıqlayıb: “Biz belə qərara gəldik ki, büdcədən siyasi partiyalara ayrılan vəsaitin bu il üçün 10 faizi qənaət olunaraq saxlanılıb. Biz təklif edirik ki qanunvericiliyə müəyyən dəyişiklik etməklə bu 10 faizi gələn il ayrılacaq vəsaitə əlavə edək”.
Daha sonra millət vəkilləri büdcə zərfinə daxil olan 6 qanun layihəsini qəbul edib. Müvafiq qanunlarla gələn il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində təsdiq edilib. İclasın davamında Vüqar Gülməmmədov Hesablama Palatsına yeni sədr seçilib. Daha sonra iclasın gündəliyinə daxil olan 24 məsələ səsverməyə qoyularaq qəbul edilib.