Millət vəkili: "Ədliyyə Nazirliyində vəziyyət bərbaddır"

Azərbaycanda vətəndaş cəmiyyəti sektoru xeyli geri qalır.

APA TV-nin xəbərinə görə, bunu millət vəkili Zahid Oruc Milli Məclisdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib. Ölkədə qeydə alınmayan QHT-lərlə bağlı problemi gündəmə gətirən millət vəkili Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsi ilə bağlı narazılığını ifadə edib. Millət vəkili Qüdrət Həsənquliyev də həmkarı ilə eyni fikirdə olduğunu diqqətə çatdırıb: "Mən nazir Fikrət Məmmədov burada olarkən Ədliyyə Nazirliyinin QHT-lərə verdiyi cavab məktublarından birini oxudum. Əgər xüsusi xidmət orqanları buna zəmanət verməlidirsə, onda qanuna belə bir müddəa salınmalıdır. Ədliyyə Nazirliyində vəziyyət bərbaddır. Məhkəmə qərarlarının icrası məsələsi də burada dəfələrlə müzakirə edilib. Nazir müavinləri də işə müdaxilə edə bilmirlər. Ya nazir özü tapşırmalıdır, ya da tərəflərdən kimsə çox pul versə, məsələ onun xeyrinə həll edilir”.

 

Bu zaman Qüdrət Həsənquliyevlə vitse-spiker Ziyafət Əsgərov arasında mübahisə yaranıb. Ziyafət Əsgərov millət vəkilinin sözünü kəsib: "Qüdrət müəllim, saxlayın. Xahiş edirəm, qanun layihəsi haqda danışın. Ayrı-ayrı şəxslər haqda danışmayın, bu qədər ittiham etməyin. Əlinizdə də faktlar yoxdur, nə istəyirsiniz, danışırsız! Yekunlaşdırın!”

 

Qüdrət Həsənquliyev millət vəkili kimi istənilən məsələni qaldırmağa borclu olduğunu bildirib. Müzakirələrdən sonra sözügedən layihə səsə qoyularaq qəbul olunub.

 

Müəllif | Apa.Tv