Təhsil naziri: "Müəllimlərin əmək haqlarının artırılması...

“Azərbaycanda müəllimlərin peşəkarlıq keyfiyyətləri və iş təcrübələrinə görə müəyyən amillər tətbiq edilməlidir”.

APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Şurasının ümumi yığıncağında çıxışında qeyd etdi. Nazir bildirdi ki, bəzi məktəblərdə müəllim sıxlığı var, bəzilərində isə çatışmır. Azərbaycan məktəb sistemində fəaliyyət göstərən 170 minə yaxın müəllim ordusunun təxminən 4 faizi 1-5 saat dərs yükünə malikdir: “Bu kimi məsələlər və məhdudiyyətlər bizə imkan verir ki, optimallaşdırmanı tez bir zamanda həyata keçirə bilək. Hazırda da ümumi təhsil sistemində müəllimlərin əmək haqlarının artırılması və optimallaşdırma istiqamətində müəyyən işlər aparılır”.

 

Nazir qeyd etdi ki, dərsliklərin metodoloji baxımdan hazırlanmasının dəyişdirilməsi nəzərdə tutulur. Yeni hazırlanan dərsliklər ilk növbədə sınaqdan keçirilməli və sonradan tədrisdə istifadə edilməlidir.

Dərsliklərin keyfiyyətinə dövlət tərəfindən nəzarət olunduğunu deyən M.Cabbarov qeyri-dövlət strukturlarının da dərsliklərin keyfiyyətinə cəlb edilməsini təklif edib: “Ali məktəblər dərsliklərin hazırlanması ilə bağlı keçirilən tenderlərdə iştirak etmir. Bu gün bir tərəfdən ali məktəblərin maliyyələşmə mexanizmini axtarırıq. Ancaq bizim bu sahədə ən yaxşı müəllimlər ali təhsil müəssisələrində deyillərsə, o zaman onlar haradadır? Burada söhbət həm idarəetmə baxımından, həm də düzgün həvəsləndirmə sistemindən gedir”.

 

Nazir dedi ki, məktəblərdə şagirdlərin akademik yüklənməsi baxımından mövcud olan məsələlərə yenidən baxılmalıdır. Həftə ərzində keçilən dərsləri gün ərzində olan dərslərlə hesabladıqda müəyyən fərqlər ortaya çıxır.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova