AMEA ilə BŞİH arasındakı ərazi mübahisəsi həllini tapacaqmı?

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yaxınlığında binaların tikintisinə qadağa qoyulması üçün Prezident Administrasiyasına müraciət edib. APA TV-nin xəbərinə görə, Akif Əlizadə keçirdiyi mətbuat konfransında bildirdi ki, rəsədxana gecə çalışır və binaların işıqları müşahidəyə ciddi maneyə yaradır.

 

Akademiya prezidenti ötən illərdə özəlləşdirilməyə çıxarılan AMEA-nın tabeliyində olan İnstitutların sonrakı taleyinə də aydınlıq gətirdi: "Vaxtilə 10 institut özəlləşməyə çıxarılmışdı. Onlardan 3-ü artıq özəlləşdirilib. Lakin biz bunun qarşısını almaq üçün prezidentə müraciət etdik. O da bizim bu müraciətimizi müsbət dəyərləndirdi və özəlləşmənin dayandırılması barədə göstəriş verdi. Hazırda 3 institutun taleyi barədə əlimizdə heç bir məlumat yoxdur"

 

Aspirantlar yataqxanasının yerində tikilən binada mənzil alacaq alimlərin siyahısının müəyyənləşdirilməsi məsələsinə toxunan Akif Əlizadə deyir ki, köhnə siyahıda  AMEA-da çalışmayan insanların adları mövcud olub, yeni siyahının tətbiqi zamanı belə şəxslərin adları oradan cıxarılıb.

 

Akif Əlizadə rəhbərlik etdiyi qurumla Bakı Şəhər icra Hakimiyyəti arasında yaranan ziddiyyətlərə də münasibət bildirdi: "Bakı Şəhər İcra Hakimiyyəti ilə AMEA şəhərciyinin ərazisinin müəyyənləşdirilməsi baxımından bir sıra mübahisələr yaranmışdı. AMEA-nın həyətindəki fəvvarə İcra Hakimiyyətinə məxsusdur. Biz istərdik ki, həmin ərazi də AMEA şəhərciyinə qatılsın. Çünki şəhərcik bütöv ərazidə olmalıdır, çalışıb bu məsələni həll edəciyik".

 

Yaxın zamanlarda AMEA-nın Rəasət Heyyətinin binasının köçürüləcəyindən danışan Akif Əlizadə deyir ki, sözü gedən bina  tarixi binadır, əsaslı təmirə ehtiyacı var. Hazırda binanın AMEA şəhərciyində yerləşən Milli Təhlükəsizlik Nazirliyinin boş qalan binasına köçürülməsi gözlənilir.

 

Müəllif | Apa.Tv