Sabirabad sakininin maşını və ot tayası müəmmalı şəkildə yandı
Sabirabadın Nizami kəndində yanğın hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, kənd sakini Ağaqulu Kərimova məxsus 260 ədəd ot tayası və şəxsi minik avtomobili yanaraq külə dönüb. Yanğını ilk öncə qonşular görüb, ev sahibini xəbərdar ediblər. Qonşular ot tayasını söndürən zaman həyətdə saxlanılan avtomobilin də yandığını görüblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabirabad Yanğından Mühafizə İdarəsinin əməkdaşları gələrək yanğını söndürüblər. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisənin başvermə səbəbi dəqiq bilinməsə də, ev sahibi yanğının qəsdən törədildiyini iddia edir. Bildirib ki, ot tayası ilə yanan avtomobil arasına xeyli məsafə var. Ot tayasından hər hansı bir qığılcımın avtomobilin üzərinə düşərək, onu yandırması bir o qədər də inandırıcı görünmür.
Faktla bağlı rayon Polis Şöbəsi və FHN-nin Sabirabad rayon şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.