Təhsil Şurasının sədri TEST İMTAHINININ ƏLEYHİNƏDİR

Bakıda Təhsil Şurasının ümumi yığıncağı keçirildi. APA TV-nin xəbərinə görə, tədbirdə məruzə ilə çıxış edən şuranın sədri Əjdər Ağayev ölkədə təhsildə olan bəzi problemlərdən danışdı. Qurum rəhbəri bildirdi ki, Azərbaycanda ali məktəbə qəbulun testlə aparılması məzunların dünyagörüşünü azaldır. Onun sözlərinə görə, bu məsələdə orta məktəb dərsliklərinin də müəyyən təsiri var: “Bu məsələyə diqqətlə və məsuliyyətlə yanaşılmalıdır. Hazırda dərsliklərin elmi redaktoru yoxdur. Dərsliklərin kimlər tərəfindən yazılması, redaktə edilməsi, eksperimentdən keçirildikdən sonra tətbiq edilməsi vacib məsələdir. Bir adam 3-5 dərslik müəllifidir və bu da heç bir dünya praktikasında yoxdur. Dərsliklərlə bağlı bu və digər problemlər həll edilməlidir”.

 

Ə. Ağayevin sözlərinə görə, bu gün ölkənin təhsil sistemində psixologiya, fiziologiya üzrə institut yoxdur. Heç bir psixoloji, fizioloji tədqiqatlar aparılmadan dərsliklər hazırlanır ki, bu da sonradan müəyyən problemlər yaradır. Bundan başqa Ə.Ağayev valideynlərin əksəriyyətinin təhsil hüquqlarını bilməməsindən şikayətləndi.

 

Təhsil naziri Mikayıl Cabbarovun çıxış etdiyi tədbirdə bu ilin dekabrında Azərbaycan müəllimlərinin XIV qurultayının çağırılması haqqında qərar qəbul edildi. Təhsil Şurasının Hesablayıcı Komissiyası, İdarə Heyətinin üzvləri seçildi, “Təhsil və zaman” qəzetinin baş redaktoru və redaktoru təsdiqləndi.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova