Gəncə Avropanın Gənclər Paytaxtı oldu
Gəncə şəhərinin "Avropa Gənclər Paytaxtı" elan edilməsi münasibəti ilə şəhərdə gənclərin yürüşü keçirilib. Ali təhsil müəssisələrinin tələbələri, gənclər təşkilatlarının nümayəndələri, Qeyri-Hökumət Təşkilatlarının üzvləri qələbə sevincini bildirmək üçün şəhərin mərkəzi prospektləri boyunca yürüş ediblər.
APA TV-nin xəbərinə görə, şəhərin mərkəzi meydanında konsert proqramı da təşkil edilib. Qeyd olunub ki, Gəncə artıq neçə ildir, yerli və beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir.
Avropa Gənclər Forumunun hər il təşkil etdiyi müsabiqədə Gəncə şəhəri 2016-cı il üçün “Avropa Gənclər Paytaxtı” seçilib və bu noyabrın 21-də Yunanıstanın Saloniki şəhərində elan olunub.
"Gənclər paytaxtı" adı, 2009-cu ildən təsis olunub və bu statusa namizədliyini verən şəhərə, Avropa Gənclər Forumu tərəfindən bir il müddətinə verilir. Həmin il bu şəhərlərdə mədəni, siyasi və sosial sahədə müxtəlif tədbirlər keçirilir. İlk dəfə bu titulu Hollandiyanın Roterdam şəhəri qazanıb.