İqor Bratçikov: “Transxəzər qaz boru xətti fəlakətə səbəb ola bilər”

"Xəzərdə qüvvələr nisbətinin pozulması bölgədə təhlükəsizliyin səviyyəsini azaldacaq”.
 

APA TV-nin xəbərinə görə, Rusiya Xarici siyasət idarəsinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov belə deyib. Xəzərin hüquq statusuna dair Konvensiya layihəsi üzərində işin gedişini qiymətləndirən diplomat 17 ildir, hazırlanan bu sənədin gələn il Həştərxanda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə toplantısında qəbul olunacağına şübhə ilə yanaşdığını söyləyib. Lakin o, bildirib ki, Həştərxanda prezidentlər Xəzər akvatoriyasının delimitasiyası haqda qəti razılığa gələ bilər.

Rusiya prezidentinin dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi olan Bratçikov Tranzxəzər qaz boru xətti və onun Xəzərə mümkün təsirindən də danışıb. O bəyan edib ki, bu layihənin həyata keçirilməsi bütün regionun ekologiyasına təsir göstərəcək qəzalara səbəb ola bilər: “Var gücləri ilə Bakı ilə Türkmənbaşını qaz borusu ilə bir-birinə bağlamağa çalışan avropalı həmkarlarımızın bu saymazyana davranışına – hansı ki, bu da Xəzərdaxili məsələlərə müdaxilə deməkdir - bircə saniyə də olsa göz yumsaq belə, ekoloji faktorları diqqətə almamaq ağılsızlıq və ölümcül xəta olardı”.

Onun sözlərinə görə, Tranzxəzər boru kəmərinin çəkiləcəyi potensial ərazidə mürəkkəb seysmoloji vəziyyət barədə təkcə rusiyalı yox, beynəlxalq ekspertlər də yazıb. Belə ki, istənilən qəzanın nəticələri Xəzərin çox həssas ekosistemi üçün fəlakət olardı.

 

Müəllif | Apa.Tv