Aeroport yolunda "Daewoo Nexia" BMW ilə toqquşaraq yandı - DƏHŞƏTLİ ÖLÜM

Ötən gecə Bakıda ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Heydər Əliyev prospektinin hava limanından "Koroğlu" metro stansiyası istiqamətində gedən hissəsində qeydə alınıb. BMW markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yol kənarındakı maneələrə çırpılıb. Qəza törədən maşın yolun hərəkət hissəsində qalıb. Bu vaxt arxadan yüksək sürətlə gələn "Daewoo Nexia" markalı avtomobilin sürücüsü sürəti nizamlaya bilməyib və maşın BMW-yə çırpılıb. Toqquşmadan sonra "Daewoo Nexia" alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Onlar yanan avtomobili söndürüblər. Maşına baxış keçirilərkən sürücünün meyiti aşkarlanıb. Meyit deformasiyaya uğrayan avtomobildən çıxarılıb. BMW-nin sürücüsünü isə hadisə yerində tapmaq mümkün olmayıb. Polis əməkdaşları bununla bağlı iki versiya irəli sürürlər. Ya sürücü sərxoş olduğu, yaxud, avtomobili sənədsiz idarə etdiyi üçün hadisə yerindən qaçıb, ya da xilasetmə qüvvələri hadisə yerinə gələnə qədər ətrafdakıların köməkliyi ilə yaralı vəziyyətdə xəstəxanalardan birinə aparılıb. Bu versiyalardan hansının həqiqəti əks etdirdiyi Suraxanı rayon Polis İdarəsi istintaq şöbəsinin araşdırmaları nəticəsində məlum olacaq. 

 

Müəllif | Apa.Tv