Salyanda iki “Qazel” toqquşdu, bir nəfər xəsarət alıb
Salyanda iki yük maşının toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Qəza hadisəsi Ələt-Astara magistral yolunun 44-cü kilometrliyində, Salyan rayonunun Yenikənd kəndində qeydə alınıb. Göyçay rayon sakini, 30 yaşlı Elnur Tağıyev idarə etdiyi “Qazel” markalı yük maşını ilə Masallı sakini, 23 yaşlı Ələsgər Hüseynovun idarə etdiyi digər “Qazel” markalı yük maşını toqquşub. Maşınların birinə narıngi, digərinə xurma yüklənibmiş. Qəza nəticəsində yüklər yola dağılıb, hər iki maşını yararsız hala düşüb. Hadisə zamanı sürücü Ələsgər Hüseynov qəzadan salamat qurtarsa da, digər sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Salyan rayon mərkəzi xəstəxanasına aparılan Elnur Tağıyev ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib. Hələlik qəzanın hansı sürücü tərəfindən törədildiyi məlum deyil. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.