General-mayor Məhəmməd Abbasquliyev II Fəxri Xiyabanda torpağa tapşırılıb
Dünən dünyasını dəyişən Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) qurumun rəis müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi, general-mayor Məhəmməd Abbasquliyev bu gün II Fəxri Xiyabanda torpağa tapşırılıb. 48 yaşlı general-mayorla vida mərasimi mərhumun evində keçirilib. Daha sonra mərhumun cənazəsi dəfn olunmaq üçün İİ Fəxri Xiyabana aparılıb. Vida mərasimində Prezident Administrasiyası rəhbərinin müavini Vahid Əliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov, Sərhəd Qoşunlarının şəxsi heyəti, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirov, Türkiyənin Azərbaycandakı hərbi attaşesi, general-mayor Hasan Nevzat Taşdələr, millət vəkilləri, hökumət nümayəndələri iştirak ediblər.
Mərhum dəfn olunduqdan sonra Azərbaycan himni səsləndirilib, yaylım atəşi açılıb. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev bildirib ki, general-mayor Məhəmməd Abbasquliyev fəaliyyəti dövründə nümunəvi fəaliyyəti ilə seçilib: “Dəyərli qardaşımızı, silahdaşımızı, vətənin ləyaqətli bir oğlunu bu gün son mənzilə yola saldıq. O dövlətinə, prezidentinə sədaqəti ilə seçilən generallarımızdan idi. Onun bu yüksək qiymətləri həm də ölkə prezidentli, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev tərəfindən dəfələrlə qiymətləndirilib. Düşünürəm ki, onun əməlləri yaşayacaq, xoş xatirələri hər birimizin qəlbinə həkk olunacaq. General Abbasquliyev “Hər şey vətən üçün”, “Vətən sağ olsun” deyən və bu amala xidmət edən generallarımızdan idi. Allah rəhmət eləsin. Başımız sağ olsun. Vətən sağ olsun!”
Daha sonra Prezident Administrasiyası rəhbərinin müavini Vahid Əliyev ölkə başçısı adından mərhumun ailə üzvlərinə başsağlığı verib: “Bu gün səhər Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı mənə bu tapşırığı verdi. İcazənizlə onun əmrini və tapşırığını yerinə yetirib, mən onun ailə üzvlərinə, sərhəd Qoşunlarının komandanına, rəhbərliyinə, bütün şəxsi heyətinə, cənab prezident adından baş sağlığı verim”.
Qeyd edək ki, general-mayor Məhəmməd Abbasquliyev noyabrın 22-də infarkt nəticəsində dünyasını dəyişib.
Mərhumun qardaşı Xeyrulla Abbasquliyev bildirib ki, general-mayorun səhhətində problem olub: “Bu, təbii haldır. Dəfələrlə müalicədə olub. O, vətənini sevən, xalqını sevən, qardaşını sevən, sadə dildə desək uşaqla uşaq, böyüklə böyük kimi idi”.
Xatırladaq ki, Məhəmməd Abbasquliyev 14 fevral 1965-ci ildə Babək rayonunun Kəlboruc Dizə kəndində anadan olub. O, 1982-ci ildə Qaraqala kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Mühəndis və rabitə Qoşunları Məktəbinə daxil olub. Bu məktəbi bitirdikdən sonra 1993-cü ilə qədər Sovet ordusu sıralarında xidmət edib. 1994-cü ildən 2001-ci ilədək Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit vəzifələrində çalışıb. 2001-2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olub. Azərbaycan prezidentinin sərəncamları ilə 6 aprel 2004-cü il tarixində DSX-nin Naxçıvan Sərhəd Diviziyasının komandiri, 16 yanvar 2008-ci ildə isə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini, 18 avqust 2008-ci ildə isə DSX rəisinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. 2004-cü il iyul ayının 30-da Azərbaycan prezidentinin sərəncamı ilə Məhəmməd Abbasquliyevə general-mayor hərbi rütbəsi verilib.
Məhəmməd Abbasquliyev xidməti dövründə əldə etdiyi nailiyyətlərə görə, "Azərbaycan Bayrağı» və "Vətənə xidmətə görə» 3-cü dərəcəli ordenləri, Azərbaycanın və xarici dövlətlərin 12 medalı ilə təltif edilib. Ailəlidir. 3 qızı, bir oğlu var.
Allah rəhmət eləsin!