Zaqatalada mağazada partlayış baş verib - PARTLAYIŞ ANININ GÖRÜNTÜLƏRİ
Zaqatalada kitab mağazasında partlayış olub. APA TV-nin məlumatına görə, partlayış bu gün səhər saatlarında Zaqatala şəhəri, Molla Vəli Vidadi küçəsində, Ömər İbrahimova məxsus kitab satışı mağazasında baş verib. Ömər İbrahimov səhər işə gəlib mağazaya daxil olduqdan sonra alışqanla siqaret yandırmaq istəyib. Bu vaxt güclü partlayış baş verib. Partlayışın gücündən mağazanın pəncərələri və qapısı dağılıb. Partlayışın baş verdiyi an təhlükəsizlik kameralarında qeydə alınıb. Görüntülərdə həmçinin Ömər İbrahimovun partlayışdan sonra küçəyə qaçması və ətrafdakı insanların on kömək etməsi kadrları da var.
Müxtəlif dərəcəli yanıq xəsarətləri alan kitabxana sahibi Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Fövqəladə Hallar Nazirliyi Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsi və rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib, partlayışın baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, kitab mağazasında qazdan istifadə edilmir. Lakin mağazanın yerləşdiyi ərazidən təbii qaz xətti keçir. Bu səbəbdən mağazada baş verən partlayışa qaz sızmasının səbəb ola biləcəyi ehtimal edilir.