7 ixtisası olan kitabxanaçı... REPORTAJ
Bu qədər kitabların əhatəsində olasan və nə isə yazmayasan. Mən hətta bu kitabları vərəqləyərkən belə nə isə yazmaq sevdasına düşdüm deyə bilərəm. O ki qaldı, illərdir bu kitabların qoxusunu ciyərlərinə çəkmiş Elman dayı ola....
Bəli, Elman dayı bu kitablarla, bu kitablar da elə Elman dayı ilə birgə yaşlanıb. Düz 46 ildir, Elman dayı kitabların əhatəsindədir. Maraqlısı odur ki, yeddi ixtisasa yiyələnən Elman dayı kitaba olan böyük həvəsinə görə, məhz kitabla bağlı sahəni özünə daha yaxın bilir. APA TV-nin məlumatına görə, bu səbəbdən ömrünün 46 ilini kitablara həsr edib. Oxumaqla kifayətlənməyib, kitablardan ilham alaraq, yazıb. Sonda yazdıqlarını üzə çıxarmağa qərar verib. Əsərinə "Kitab sərrafı" adını verib.
Mənim bir kitabım nəşr olunacaq elm nəşriyyatında. Hazırda çapdadır bu yaxınlarda çapdan çıxacaq. Təqribən 200 səhifədən 3 fəsildən ibarətdir. Birinci fəsildə mənim cavan vaxtımda yazdığım şerlər, rübailər, aforizmlər, ikinci hissədə görkəmli şəxslərlə şairlərlə, alimlərlə, rəssamlarla bağlı xatirələrim, üçüncü isə haqqımda çap olunan müxtəlif qəzetlərdə olan yazılar yer alacaq.
Bildiyimiz kimi, xalq şairi Zəlimxan Yaqub da əvvəllər kitabxanaçı kimi fəaliyyət göstərib, sonra görkəmli şair olub. Elman dayı gecikdiyini düşünmür ki?
O, ilk şerini 18 yaşında yazıb. Kitab çıxarmaqda gecikdiyini düşünmür. Deyir ki, hər şer yazan şair ola bilməz. Elman dayı 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin axşam şöbəsinə daxil olur. Axşamlar kitab əmtəəşünaslığı və kitabşünaslıq ixtisası üzrə təhsil alır, gündüzlər də kitab mağazasında çalışır. Həmin mağazanın müdiri olur. 1980-ci illərdə Bakı Kitab Evinin direktoru vəzifəsində işləyir. Kitab sərrafı olan Elman dayı bu illərdə müxtəlif janrlarda kitabları oxuyur.
Mütaliə dairəm çox genişdir. Bədii ədəbiyyat da, tarixi kitablar, fəlsəfə, təbiət elmləri ilə maraqlanıram.
Bu bina vaxtilə “cızbızxana” kimi fəaliyyət göstərib. Yanğın nəticəsində bina yararsız hala düşüb. Bina təmir-bərpa ediləndən sonra burada gül və ya kitab mağazası açmağı təklif ediblər. Elman dayı kitab mağazasına üstünlük verib. 1985-ci ildə fəaliyyətə başlayan kitab mağazası indiyədək fəaliyyətini davam etdirir. Bundan sonra nə qədər fəaliyyət göstərəcəyi isə müəmmadır. Bunu özündən soruşduq:
Maraqlandınız ki, məndən sonra nə olacaq bu yerin aqibəti. Bir gənc yazar var Seymur Baycan, o, bir məqaləsində yazmışdı ki, İçərişəhərdə olan bu kitab mağazasının ömrü Elman müəllimin ömrü qədər olacaq. Düz yazmışdı...
Elman dayı ömrünün 46 ilini verdiyi bu peşədən maddi olaraq, bir qazanc əldə etməyib. Heç kitaba qazanc mənbəyi kimi də baxmayıb...
19-cu əsrdə bir rus kitabşünası yaşayıb, Smirdin familiyalı. O deyirdi ki, hər şey əmtəədir, hətta zibil də, amma kitab əmtəə deyil. Yəni kitaba qazanc mənbəyi kimi baxmaq doğru deyil.
Elman dayının kitab mağazasında həm rus, həm latın qrafikasıyla olan kitablar var. Burada ən bahalı kitabın qiyməti 60, ən ucuzu isə 1 manatdır. Qiymətlərin belə dəyişməsini kitaba xərclənən xammalın keyfiyyəti və qədəri ilə izah edir.
Elman dayının kitabxanasında ən böyük kitabdan tutmuş ən kiçik mini kitablara qədər rast gəlmək mümkündür.
Elman dayıdan kitabları rəfə hansı ardıcıllıqla düzə biləcəyini soruşduq. Dedi ki, kitabxananın qaydalarına uyğun olaraq, klasitifikasiya və mövzu ardıcıllığı ilə düzmək lazımdır. Kitabxananın məhz Azərbaycanın tarixini əks etdirən İçərişəhərdə, Qız Qalasının ətrafında yerləşməsinin bir müsbət tərəfi var ki, buraya dünyanın bir çox ölkəsindən turistlər gəlir və tariximizə məxsus olan kitablara, albomlara maraq göstərirlər. Elman dayı onu da qeyd edir ki, kitablara qulluq, qayğı, nəvaziş göstərmək lazımdır. Kitab hərəkəti sevir, tez-tez yerini dəyişdirmək həm kitabın durğunluğunu aradan qaldırır, həm də bu oxucunun, alıcının diqqətini çəkir.