Xaçmaz avtovağzalında bilet problemi
Xaçmaz beynəlxalq avtovağzalında sərnişinlərdən Bakıya marşrutla getmək üçün 4 manat gediş haqqı tələb olunur. APA TV-nin məlumatına görə, Tarif Şurasının müəyyən etdiyi qiymət isə 2 manat 55 qəpikdir. Vətəndaşlar deyir ki, nə vaxt kassaya yaxınlaşıb bilet almaq istəyirlər, ya orada adam tapılmır, ya da ki adama elə cavab verirlər ki, bilet almaq yaddan çıxır.
"Kimdən tələb edək? Kimin yanına gedirsən qışqırırlar adamın üstünə. Burada bilet satılmır axı. Kimdən tələb edəsən?"
Xaçmaz avtovağzalının mühasibi Rauf Ağabalayev isə deyir ki, biletlər Tarif Şurasının müəyyən etdiyi qiymətlərlə satılır. Hər kəs kassaya yaxınlaşıb bilet ala bilər.
"Bütün istiqamətlərə, Tarif Şurası təyin etdiyi marşrut qiymətlərinə əsasən hərəkət edirik".
Bir müddət sonra çəkiliş apardığımız avtobusdakı sərnişinlərə bilet satılmağa başladı. Amma sərnişinlər avtovağzal rəhbərliyinin bu addımını ərazidə çəkiliş aparılması ilə əlaqələndirdilər.
"Çəkiliş olduğu üçün bilet satırlar. Birinci dəfədir ki bilet alıram. Həmişə burdan bilet alanda əlavə pul istayirdilər deyə buradan almırdıq".
Xaçmaz Beynəlxalq Avtovağzalının baş mühasibi, Tarif Şurasının müəyyən etdiyi 2 manat 55 qəpiyi real qiymət hesab etmir. Baş mühasib qiymətlərlə bağlı Tarif Şurasına müraciət olunduğunu bildirib.
"Tarif Şurasına müraciətlər olunub. Hal-hazırda baxılır bu işlərə. Qoyulan bu qiymət dövrün tələblərinə uyğun gəlmir. Hər bir müəssisə vergi vermək üçün, gəlirlə işləməlidir onun üçün real qiymətlər olmalıdır".
Qeyd edək ki. gün ərzində Xaçmaz Beynəlxalq avtovağzalından paytaxta 300-350 sərnişin gedir.