Göyçayda müəmmalı partlayış: BİR QARDAŞ ÖLDÜ, digəri ağır yaralandı
Göyçay rayonunda partlayış baş verib, ölən və yaralanan var. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Göyçay şəhərinin Heydər Əliyev prospektində yol kənarındakı kol-koslu boş sahədə qeydə alınıb. Altı nəfər fəhlə ərazidə təmizlik işləri aparan zaman topladıqları kol-kosu yandırıblar. Ocaq yerində qəflətən baş verən partlayış zamanı Şəkər kənd sakini 26 yaşlı Abdullayev Ağəli Aydın oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Onun qardaşı, 36 yaşlı Abdullayev Yasər Aydın oğlu müxtəlif xəsarətlərlə Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Rentgen müayinəsi zamanı Yasər Abdullayevin bədənindən 3 ədəd metal yad cisim aşkar edilib. Yaralı dərhal əməliyyat olunub, hazırda onun vəziyyəti orta ağırdır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Ərazidə nəyin partladığını müəyyən etmək hələ ki, mümkün olmayıb.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.