Azərbaycan prezidentinə “Jurnalistlərin dostu” mükafatı təqdim olundu

"Son 10 il ərzində Azərbaycanı təsir altına salmaq, ona təzyiq etmək, öz tərəfinə çəkmək cəhdləri durmadan davam edir".

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostu” seçilməsi münasibətilə keçirilən tədbirdə deyib. Prezidentin sözlərinə görə, bu barədə məhdud da olsa, məlumatlar mediada işıqlandırılır, təhlil edilir. Amma elə məsələlər var ki, cəmiyyət üçün qaranlıq olaraq qalır. Dövlət başçısı bəyan edib ki, Azərbaycan belə cəhdlərə qarşı mübarizə aparır, ölkəmizin xarici və daxili siyasət sahəsində, enerji resursların nəqli, Dağlıq Qarabağ məsələləri ilə bağlı müstəqil və barışmaz mövqeyi bəzi dairələri narahat edir: "Belə olan halda müxtəlif üsullardan istifadə edirlər. Qara piar, Azərbaycanı gözdən salmaq cəhdləri və s.".

 

Prezident bildirib ki, Azərbaycanın müstəqil siyasətinin müdafiəsi üçün ictimai rəyin formalaşmasında mətbuatın böyük rolu var. Amma Azərbaycan mətbuatı xarici təsirlər altında olmamalıdır: "Fikir müxtəlifliyi, plürializm olmalıdır. Mediamızın bir hissəsi hələ ki siyasi partiyalara tabedir".

 

İqtidar-müxalifət münasibətlərindən danışan prezident İlham Əliyev qeyd edib ki, siyasi qüvvələr arasında fikir ayrılıqlarının olması təbiidir. Amma dövlətçiliklə bağlı məsələlərdə hamı eyni mövqedən çıxış etməlidir: "Müxalifət-iqtidar məsələləri ölkə daxilində həll olunmalıdır".

 

Prezident çıxışında jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanlarının verilməsi, yerli telekanallar üçün serialların çəkilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinin əbədiləşdirilməsi, ahıl jurnalistlərə dövlət dəstəyinin artırılması, qəzet satışına daha geniş imkanların yaradılması ilə bağlı səslənən təkliflərə müsbət yanaşdığını və onların reallaşdırılması istiqamətində tədbirlərin görüləcəyini bildirib.

 

1997-ci ildə “RUH” Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına 2013-cü ildə prezident İlham Əliyev layiq görülüb. Komitənin bu ilin sentyabrında keçirdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzeti, 6 jurnal, 11 informasiya agentliyi, 12 xəbər portalı, 7 telekanal, 4 radio və 11 jurnalist təşkilatının rəyləri öyrənilib. Sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 89 faiz səslə növbəti dəfə “Jurnalistlərin dostu” elan edilib.

 

Müəllif | Apa.Tv