Ukraynada TOQQUŞMALAR DAVAM EDİR

Ukraynanın paytaxtı Kiyevdə Avropaya inteqrasiya tərəfdarlarının keçirdiyi etiraz aksiyası toqquşmalarla nəticələnib. APA TV-nin xəbərinə görə, 100 minədək insanın toplaşdığı aksiyaya milis müdaxilə edib. Nazirlər Kabinetinin qarşısında aksiya iştirakçıları ilə milis qüvvələri arasında toqquşma olub, milis gözyaşardıcı qazdan istifadə edib. Aksiyanın dağıdılmasına “Berkut” xüsusi təyinatlı qüvvələri cəlb olunub, lakin onlar mitinqi dağıda bilməyiblər.

 

Axşam saatlarında müxalifət “Avropa” meydanında və Nazirlər Kabinetinin qarşısında çadırlar qurmağa başlayıb. Müxalifət Vilnüs sammitinə qədər “Avropa” meydanından çıxmayacağını bəyan edib. Bəyanatda bildirilir ki, əgər Ukrayna Vilnüs sammitində Avropa Birliyi ilə assosiativ saziş imzalamasa, aksiyalar nəticə əldə olunana kimi davam edəcək.

 

Hazırda əsas mitinq “Avropa” meydanında keçirilir. Kütlənin sıx olduğu yerlərə bir neçə dəfə qatı tüstü müşahidə olunub. Müxalifət qaz şaşkalarının Yanukoviçin lideri olduğu Regionlar Partiyasının atdığını bildirir.

 

Ukrayna Daxili İşlər Nazirliyi Nazirlər Kabinetinin qarşısında aksiya iştirakçıları ilə milis arasında baş verən toqquşmalarda bir “Berkut” xüsusi təyinatlısının yaralandığını bildirib.

 

Gecə saatlarında milis qüvvələri Avropa meydanına girməyə cəhd edib. Lakin aksiya iştirakçıları müqavimət göstəriblər. Hüquq-mühafizə orqanları əməkdaşları dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə ediblər. Milislə toqquşmadan sonra aksiya iştirakçıları barrikadalar qurmağa başlayıblar.

 

Müəllif | Apa.Tv
Apa.tv