Qüdrət Həsənquliyev: "Heydər Əliyev, Elçibəy və Rəsulzadə adına universitetlər yaradılsın!"

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirə edilib.

 

APA TV-nin məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə yenidən baxılan 2017-ci il dövlət büdcəsinin gəlirləri üzrə əsas istiqamətləri açıqlayıb.

 

Maliyyə naziri Samir Şərifov qeyd edib ki, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin gəlirləri gözlənilən ümumi daxili məhsulun 25,2%-ni təşkil etməklə  mütləq ifadədə 16 mlrd. 766 mln. manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511 mln. manat və ya 3,1% çoxdur. Həmin artım Mərkəzi Bankın mənfəətindən ayırmalar üzrə 250 mln. manat, Vergilər Nazirliyi üzrə 135 mln. manat, Dövlət Gömrük Komitəsi üzrə 50 mln. manat və büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 76 mln. manat təşkil edəcək.

 

Dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev qeyd edib ki, hökumət “Azərişıq”, “Azərsu”və “Azəriqaz”ın özəlləşdirilməsi barədə düşünməlidir. Deputat bildirib ki, gələn il müstəqil Azərbaycan dövlətinin yaradılmasında xidmətləri olan iki tarixi şəxsiyyətin - Əbülfəz Elçibəyin 80, Heydər Əliyevin 95 illiyi qeyd olunacaq: “Bundan bir il sonra isə Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi keçiriləcək. Mən keçən dəfə də çıxışımda dedim ki, biz universitetlərin, alimlərin və tələbələrin sayına görə dünya ölkələrindən geri qalırıq. Bunu aradan qaldırmaq üçün söylədiyim hər üç tarixi şəxsiyyətin adına yeni universitetlər aça bilərik. Bu, çox müsbət hal olar. Həm o şəxsiyyətlərin ruhu şad olar, həm də Azərbaycanda yeni universitetlər yaradılmış olar”.

 

Q.Həsənquliyev deyib ki, YAP-dan olan bəzi deputatlar Əbülfəz Elçibəylə bağlı bir az fərqli düşünürlər: “Onu nəzərə almaq lazımdır ki, milli birliyə yol açacaq belə qərar çox vacibdir. Mərhum prezident Heydər Əliyev Əbülfəz Elçibəyə onun dəfn mərasiminə qatılmaqla öz hörmət və ehtiramını bildirdi. Eynilə də ölkənin ən ağır vaxtlarında Heydər Əliyevi ölkəni fəlakətdən qurtarmağa dəvət etməklə Əbülfəz Elçibəy öz hörmətini və ehtiramını bildirdi”.

 

“Yeni Azərbaycan Partiyası hər bir kəsin xidmətini yüksək qiymətləndirir, xidməti olan hər kəsin adının əbədiləşdirilməsinə tərəfdardır” deyən YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deputat həmkarına cavab verib.

 

Deputat bildirib ki, ulu öndər Heydər Əliyevin digərləri ilə müqayisə edilməsi düzgün deyil: “Çünki ulu öndəri Azərbaycan xalqı hakimiyyətə qaytarıb. Xaosun, separatizmin, ölkəmizin müstəqilliyinin  təhlükə altında olduğu zamanda ulu öndər hakimiyyətə gələrək Azərbaycanı xilas etdi. Ulu öndər hakimiyyətə gəlməklə tək Azərbaycanı deyil, eyni zamanda bugünkü və o zamankı hakimiyyətdə olan müxalifəti xilas etmiş oldu. Yəqin ki, Sürət Hüseynov tərəfindən Azadlıq meydanında dar ağacları qurulacağı və o ağaclardan kimlərin asılacağı bəlli idi. Odur ki, ümummilli lider müxalifətdə olanları xilas etdi. Buna görə də ulu öndərin adı əbədiləşdirilməli, onun adına məktəb, universitet olmalıdır. Çünki ulu öndər xalqın ən ağır vəziyyətində onların yanında olub” .

 

Müzakirələrdən sonra Milli Məclis 2017-ci il dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı