SÜRÜCÜLƏRƏ BƏD XƏBƏR: "avtoş"luğa, anormal siqnallara görə cərimələr sərtləşdiriləcək

Azərbaycanda avtoxuliqanlıq hərəkətlərinə görə tətbiq olunan cərimələr artırılacaq. Bununla bağlı Milli Məclis İnzibati Xətalar Məcəlləsinin 296-1, yəni «avtoxuliqanlıq» maddəsinə dəyişiklik edəcək. Dəyişikliklə avtoxuliqanlıq əməlinə görə, nəqliyyat vasitələrini idarə etmə hüququ 1il müddətinə məhdudlaşdırılmaqla əvvəl 400-600 manat idisə, artıq 500 manatdan 750 manatadək miqdarda cərimə ediləcək və ya nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq. APA TV-nin xəbərinə görə, eyni hərəkətlər il ərzində təkrar törədilsə, nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 750 manatdan 1000 manatadək miqdarda cərimə ediləcək və ya sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla şəxsə qarşı 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq ediləcək.

 

İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsinə ediləcək əlavələrə əsasən, mühərrikin səs gücünün artırılması məqsədilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlğın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücülər 500 manat miqdarında cərimələnəcək. Həmin xəta il ərzində təkrar törıdildikdə 1000 manat cərimə tətbiq olunacaq. Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə tətbiq olunan inzibati cəzalar isə 10 dəfəyədək artırılır. Bu əməllərə görə cərimə məbləği inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə 500 manatdan 800 manatadək qaldırılır. İndiyə qədər bu cəzalar 80 manatdan 100 manata qədər olub. Prezident İlham Əliyevin imzası ilə daxil olmuş bu qanun layihələri yaxın vaxtlarda Milli Məclisdə müzakirə olunacaq.

Müəllif | Apa.Tv