Ruhani: "İran Qərbə qalib gəldi"
Cenevrədə keçirilən danışıqlar prosesində İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramına dair razılıq əldə edilib. Razılığın əldə olunmasını Fransa, Almaniya və İran Xarici İşlər Nazirləri də təsdiqləyib və BMT-in Avropa bölməsinin mənzil-qərargahı yerləşən Cenevrənin Millətlər Sarayında saziş imzalanıb.
BMT-nin xəbərinə görə, görüşün təfərrüatları barəsində məlumat olmasa da, Ağ Evin yaydığı açıqlamada müəyyən məqamlara toxunulub. Bəyanatda deyilir ki, “Altılıq” ölkələri ilə əldə olunmuş razılığa əsasən, İran uranı 5 faizdən yuxarı zənginləşdirməməyə, 20 faizədək zənginləşdirilmiş uranı isə 5 faizlik həddən aşağı salmağa razılıq verib. İran əlavə sentrifuqalar quraşdırmamağa, təkmilləşdirilmiş sentrifuqaların istifadəsindən və uranın zənginləşdirilməsi üçün yeni obyektlərin tikintisindən imtina etməyə razılaşıb. Bundan əlavə, İran uranla bərabər nüvə silahının istehsalında istifadə edilə biləcək plutoninin əldə olunması üçün proseslərə son qoyacaq.
Artıq razılaşma ilə bağlı Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo da bəyanat yayıb. O bildirib ki, əldə edilən razılaşma dünyada stabillik və təhlükəsizliyin təminatı üçün əhəmiyyətlidir. Razılaşmaya əsasən, İran nüvə proqramı çərçivəsində işləri məhdudlaşdıracaq, beynəlxalq ekspertlərə daha genişmiqyaslı yoxlamalara icazə verəcək. Bunun əvəzində isə bu ölkəyə qarşı iqtisadi sansksiyalar zəiflədiləcək.
İran prezidenti Həsən Ruhani isə bildirib ki, İranın nüvə haqqı rəsmi olaraq, tanınıb. Onun sözlərinə görə, İran xalqına qarşı hörmət bumunun müsbət nəticə verəcəyini anlayan dünya təhdidin heç bir işə yaramayacağı qənaətinə vardı. Bildirib ki, İran torpaqlarında uranın zənginləşdirilməsi prosesi əvvəlki kimi davam etdiriləcək. Razılaşmaya əsasən, Nətənz Fordo, Ərak, İsfahan və Bəndər Abbas nüvə obyektləri 6 ay müddətində fasiləsiz fəaliyyət göstərəcək. Bundan əlavə, BMT ilə yanaşı, ABŞ və Avropa Birliyi də birtərəfli sanksiyaları müzakirələr müddətində addım-addım aradan qaldıracaq. Razılaşmanın 6 aylıq olmasına baxmayaraq, qarşıdakı müzakirələr son ola bilər.
İran prezidenti ölkəsinin heç vaxt nüvə silahı istehsal etmək niyyətində olmadığını bir daha bəyan edib.