Ekspert: “Tehran Azərbaycana RAKET ZƏRBƏLƏRİ ENDİRƏ BİLƏR”
Cənubi Qafqaz regionunda ABŞ hərbi bazasının bu və ya digər formatda yerləşdirilməsi yalnız zaman məsələsidir. İstənilən halda Cənubi Qafqazda ABŞ hərbi bazası olacaq. Bunun səbəbi çox sadədir: ABŞ bütün dünyada öz hərbi-siyasi iştirakını aktiv şəkildə genişləndirir”.
APA TV-nin məlumatına görə, bu fikirləri “Vesti.az” saytına verdiyi müsahibədə Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin birinci vitse-prezidenti Qriqori Trofimçuk deyib.
Politoloq hesab edir ki, yaxın zamanlarda demək olar ki, bütün postsovet məkanı respublikalarında ABŞ hərbi bazaları peyda olacaq: “Bakı üçün məsələ praktiki olaraq bundan ibarətdir – Amerika hərbi bazasının qonşu Gürcüstanda olması yaxşıdır, yoxsa elə Azərbaycanın özündə. Rusiya heç bir dövlətə hücum etməyə hazırlaşmır, lakin bu informasiya dalğası altında ABŞ Qafqaz respublikalarında ö iştirakını möhkəmləndirəcək”.
Ekspert hesab edir ki, ABŞ Suriyanı indiki formatda gec-tez məhv edəcək: “Və buna heç kim mane olmayacaq. Əgər Rusiya və Çin buna mane olmaq istəsəydi, bunu çoxdan, hələ ABŞ tam güc toplayana qədər etmişdilər. Suriyanın məhvi ilə dünyanın yenidən bölünməsinin növbəti mərhələsi başlamış olacaq. Rusiya, İran və Çin böyük regional rezervasiyaya qovulacaq. O rezervasiyadan çıxmaq hələlik mümkündür, amma bunun üçün bütün güc və resursları cəmləşdirmək lazımdır”.
Qriqori Trofimçukun fikrincə, əgər Azərbaycan birbaşa və ya dolayı yolla antiiran koalisiyasına qoşulsa, hərbi əməliyyatlar başlayacağı təqdirdə Tehran Azərbaycana hərbi zərbələr endirə bilər: “Çünki artıq İranın itirəcək heç nəyi olmayacaq. Yox, əgər Azərbaycan ölkə ərazisində ABŞ hərbi bazaları yerləşdirmək təklifini rədd etsə ölkə üçün yenə yaxşı olmayacaq. İstənilən halda Azərbaycan üçün çətindir – ya İranın xaotik raket zərbələri ilə üzləşmək, ya ölkə ərazisində əsrlərlə ABŞ hərbi bazalarının iştirakı faktı ilə barışmaq. Avrasiya pəncərəsi nəzəri baxımdan bu dalandan maraqlı çıxış yolu ola bilərdi”.