21-ci əsrin ən böyük kometi Günəşə yaxınlaşır
İyirmi birinci əsrin ən nəhəng kometi Günəşə yaxınlaşır. Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Vaqif Xəlilov APA TV-yə deyib ki, izlənilməsi gündəmdə olan “İson” adlı komet diametrinin böyüklüyü ilə yanaşı, parlaqlığı ilə də seçilir. Diametri 3 kilometr olan nəhəng göy cismini yanvarın ortalarınadək Şamaxı Astrofizika Rəsədxanasından müşahidə etmək mümkün olacaq. Komet dekabrın 26-da yerə ən yaxın məsafəyə çatacaq: "Komet 2012-ci ilin sentyabrında aşkarlanıb. Göy cismi hazırda Günəşə yaxınlaşır. XXI əsrin ən parlaq kometi olan göy cisminin mülahizələrə görə, Ay parlaqlığında olacağı ehtimal olunur. Noyabr, dekabr və yanvar ayları onu müşahidə üçün ən münasib vaxtdır".
Dekabrın 26-da isə Yer kürəsi ilə həmin komet arasında məsafənin 60 milyon km olacağını deyən Vaqif Xəlilov bildirib ki, həmin vaxt kometin ən parlaq görünən vaxtı olacaq.
Rəsədxanada “İson” kometini hər gün səhər tezdən gün çıxmamış müşahidə etmək olar. Amma indi zəif görünür, dekabrın ortalarında isə onu gözlə də görmək olacaq. Ən əlverişli müşahidə üçün şərait isə yanvarın 5-dən 10-dək yaranacaq.
Komet Yer kürəsinə təsir etməyəcək və uzaqda olduğu üçün təhlükəsiz hesab edilir.