"Təzə Bazar" köçürülür? - REPORTAJ
Bakının 80 yaşlı bazarı "Təzə Bazar" yenilənir. Paytaxtın məşhur və qalmaqallı bazarı artıq mülkiyyətçisini dəyişib.
APA TV-nin xəbərinə görə, bazarın ümumi sahəsi hazırda təxminən 1,5 hektar təşkil edir.
İndi bu bazarda nə istəsən var, necə deyərlər "quş südü, can dərmanı". Amma sözün əsl mənasında bazarı yox, qarışıq mallar mağazasını xatırladır.
Bazarın girəcəyində bu qarışıqlığın olması bəzən alıcıları, hətta elə satıcıların özünü belə çaşdırır.
Giriş qapısında göz oxşayan güllərin, çiçəklərin, hətta tutuquşuların satışı göz oxşasa da, ondan bir addım o tərəfdə şifer, manqal, şiş, qəfəs, heyvan yemi və bütün bunların sırasında məşhur "Lənkəran çayı" piştaxtaları bəzəyir.
Yəni gördüyümüz gözəlliyi hiss etməmiş qarışıqlıq başlayır. Əgər nəzərə alsaq ki, "Təzə Bazar"ın yerləşdiyi ərazi əhalinin sıx məskunlaşdığı və elit təbəqənin daha yox yaşadığı ünvandır, onda doğrudan da bazarın görkəminin dəyişməsinin zəruriliyini anlamaq o qədər də çətin olmaz.
FMC şirkətinin "Təzə Bazar" üzrə baş nəzarətçisi Qabil Quliyev bir neçə gündür artıq bazarda səliqə-sahman işlərinin başladığına diqqət çəkir. Onun sözlərinə görə, yeni mülkiyyətçi bazarın forma və məzmununu dəyişəcək: “Təzə Bazar" əvvəl iki hissədən ibarət olub. Bakı şəhər Mərkəzi Bazarı və Təzə Bazar. Sadəcə olaraq “Təzə Bazar” MMC ləğv edilib. Bazar fəaliyyətini davam etdirir. Bazarın işində heç bir problem yoxdur. Məqsədimiz bazarda tam yeniliyə nail olmaqdır. Əhalinin tələbatını sivil standartlara uyğun təmin etməkdir. Əsas müştəri məmnuniyyəti və bazara daxil olan kənd təsərrüfatı məhsullarının çeşidinin çox və keyfiyyətli olmasını təmin etməkdir”.
"Təzə Bazar"ın köçürülməsinə gəlincə, bu məlumatların heç bir əsası yoxdur: "Təzə Bazar" əvvəlki qaydada fəaliyyətini davam etdirəcək. Sadəcə, daha müasir bir bazar olacaq. Bunu alıcılar özləri də yaxın vaxtlarda hiss edəcəklər".
"Alıcılar hansı yeniliklərlə qarşılaşacaq?" sualına gəlincə, bazar yetkilisi əlavə edib ki, edilən dəyişikliklər qiymət artımı ilə nəticələnməyəcək: "Əsas problemi həll edəcəyik. Mallar qruplar üzrə yerləşdiriləcək. Şəxsi avtomobillər üçün dayanaq yerləri müəyyənləşdiriləcək. Yer pulu gün ərzində 3-5 manat təşkil edir ki, bunda da heç bir dəyişiklik edilməyəcək."
Fürsətdən istifadə edib uzun illərdir "Təzə Bazar"da çalışan satıcıların da fikrini öyrəndik: "Bilirsiz, ümumilikdə alıcılıq qabiliyyəti zəifdir. Amma bizim bazarın həmişə daimi müştəriləri olub. Bu gün onları narahat edən ən ciddi problem bazarın qarşısında parklanmanın olmaması, bir də bura şəhərin müxtəlif yerlərindən gələn marşrut avtobuslarının ləğv edilməsi ilə bağlıdır. Əvvəl Bakının ən uzaq yerlərindən də bura marşrut işləyərdi. İndi əksinə, müştərilərimiz əziyyətlə gəlir. Bundan başqa, şəxsi avtomobili ilə gələnlər bazardan çox cəriməyə pul ödəyir. Bu da müştəri qıtlığı yaradır".
“Təzə Bazar” MMC ləğvetmə prosesinin başlandığını elan edib. Bazar 2000-ci ilin əvvəlində səhmləşmə yolu ilə özəlləşdirilib. Sonra SC ləğv edilib və minoritarlar səhmlərini iri səhmdarlara satıb.