Qubalı milyarderin Moskvadakı bazarında "OBLAVA"
Rusiyada miqrantlarla bağlı reydlər davam edir. "Zaslon" adı altında keçirilən reyd zamanı polislər Moskvanın Lyublino rayonundakı “Moskva” ticarət mərkəzində 700-ə yaxın miqrant saxlayıb. Moskva Baş Polis İdarəsinin mətbuat xidmətinin yaydığı xəbərə görə, saxlanılan şəxslərin miqrasiya qanunvericiliyini pozub-pozmadıqları və baş vermiş cinayətlərdə iştirak edib-etmədikləri araşdırılacaq. Ticarət mərkəzindəki əməliyyatla yanaşı, ətrafdakı binaların mənzillərində də yoxlama aparılıb. Rusiya mətbuatında yer alan xəbərə görə, bəzi miqrantlar sənədlərini təqdim etməkdən imtina edərək ərazidən uzaqlaşmaq istəyiblər. Lakin polis onların qaçmasına imkan verməyərək saxlayıb və polis bölməsinə aparıb.
Əslən Qubadan olan dağ yəhudisi Zarah İliyevin sahibi olduğu ticarət mərkəzinin ərazisində ərzaq mallarının topdan satışı ilə yanaşı, geyim dükanları, tikinti materiallarının satış pavilyonu, mehmanxana və əyləncə mərkəzi fəaliyyət göstərir.
Bundan öncə isə moskva polisi “Sadovod” Ticarət Mərkəzində kütləvi yoxlamalar aparıb. Bu ticarət mərkəzi də Azərbaycanın Quba rayonunda doğulmuş dağ yəhudisi Qod Nisanova məxsusdur və burada xeyli sayda azərbaycanlı çalışır.
Bu ilin 10 ayı ərzində Rusiyadan 13 minə yaxın miqrant deportasiya edilib.