İnsanların məzarına çevrilən köhnə liftlər - REPORTAJ
Liftlərdə baş verən bədbəxt hadisələr bəzən insan itkisi ilə də nəticələnir. Buna baxmayaraq, hələ də istismar müddəti bitmiş liftlərdən istifadə olunur. Ən dəhşətli hal isə liftlərin qırılaraq şaxtaya düşməsidir. Normal quraşdırılmış liftdə hətta onun istismar müddəti başa çatsa belə qırılıb şaxtaya düşmə ehtimalı olmamalıdır. Bu sözləri APA TV-yə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib. Müsahib liftlərlə bağlı çoxsaylı problemlərin olduğunu bildirib: "Lift qırılsa da, onun sığorta sistemi, paraşüt sistemi işləyir. Liftdə hətta kanatlar, zəncirlər qırılsa belə, kabinə asılıb qalmalıdır. Təəssüf ki, texnoloji qaydalara əməl olunmur və köhnə binaların liftlərinin çoxunun istismar müddəti başa çatıb. Liftlər müəyyən normativlərə əsasən vaxtaşırı yoxlanmalıdır. Onların zəncirləri, elektrik sistemi yenilənməlidir. Bunlar vaxtı-vaxtında edilmir. Hətta liftlər sıradan çıxanda belə, müvafiq idarənin əməkdaşlarını tapmaq mümkün deyil. Amma pul yığmağa vaxtında gəlirlər. Ona görə də belə hallar baş verir".
Sahib Məmmədovun sözlərinə görə, bu hadisələr ay ərzində iki-üç dəfə təkrarlanmasına baxmayaraq, cavabdeh qurumlar buna çox laqeyd yanaşır. Səbəb kimi isə sakinlərin liftdən düzgün istifadə etmədiyini göstərirlər. Müsahib bildirib ki, liftlərlə bağlı yaranmış bəzi problemləri sakinlərə aid etmək olar. Ancaq liftin qırılıb şaxtaya düşməsi sakinlərin günahı deyil. Buna müvafiq idarə nəzarət etməlidir.
"Hamıya məlumdur ki, köhnə binalarda istismar müddəti bitmiş liftlərin sayı olduqca çoxdur və elə bu yaxınlarda bu cür qəza vəziyyətində olan liftdən istifadənin insanların həyatı bahasına başa gəldiyinin şahidi olduq. Belə bir hadisə Qaraçuxur qəsəbəsində baş verdi və Sərdar Səlimov gördüyünüz bu liftdə öz həyatını itirdi".
Liftin şaxtasına düşüb dünyasını dəyişən Sərdar Səlimovun qohumları və binada yaşayan sakinlər deyir ki, idarəyə müraciət etmələrinə baxmayaraq, lift hələ də təmir edilməyib.
Mərhumun qohumu Rüstəm Həsənov lift idarəsinin səhlənkarlığından şikayət edir: "Lift işləmir, hər dəfə mərtəbələrdə ilişib qalır. O insanı qaytarmaq olmaz daha həyata. Evdən yoldaşının dalınca düşüb 9-cu mərtəbədə lift açılıb, içəri, boşluğa düşüb".
Bina sakinləri isə mexaniklərin tez-tez pul istəməyindən gileylənirlər: "Zəng edən kimi gəlib çardağa çıxırlar, sonra da deyirlər ki, 100 manatlıq nə isə qırılıb. Həmişə də vermişik. Pulu nağd verməsək, təmir etmirlər. Axırıncı dəfə də yenə qapıda problem oldu. Qapının motorunu gətirib dəyişdirdilər pulunu verdik. 9-cu mərtəbədə lift dayandı. Kiçik yay qırılmışdı. Lift ustası məftillə yayları bağladı. Dedik ki, işləməyəcək. Dedi ki, sizin verdiyiniz pul motorun puludur, qapının puludur. Dedik ki, bu balaca detal üçün o boyda pul çatmır? O kişi həmin o yayın badına getdi".
"Pul yığana yalvardım ki, usta göndər gəlib qapını düzəltsin. O qapını dəyişdirmək lazım idi".
Liftlə bağlı yaranan bütün bu problemlərin nə vaxt həll olunacağını bilmək üçün Lift Təmir İstehsalat Birliyinə müraciət etdik. Lift Təmir İstehsalat Birliyinin “Temp” İstehsalat İdarəsinin rəisi Üzeyir Aslanov bildirdi ki, şaxtaya düşmə halları istismar müddəti bitmiş liftlərdə baş verir. Ancaq rəis deyilən sakinlərin iradları ilə razılaşmadı və qeyd etdi ki, liftə müdaxilə olunmasa, o heç vaxt şaxtaya düşə bilməz.
"Şaxtanın qapısında qıfıllar var, o qıfıllar işə düşməsə lift hərəkətə gəlməz. Bu zaman çöl qapını adi insanın gücü çatmaz, onu açmağa məsələn lomla, linglə müdaxilə edirlər, içəridəki adam da ehtiyatsızlıqdan düşür ora. Məsələn, belə bir hadisə də olmuşdu, liftdəki sakin qapını birtəhət açmış və ehtiyatsızlıqdan şaxtanın içinə düşmüşdü".
Bundan başqa, Üzeyir Aslanov deyib ki ,sakinlər lift mütəxəssislərini gözləmədən liftdə qalan şəxsi təxliyə etmək istəyirlər ki, bu da bədbəxt hadisələrə gətirib çıxarır. Qaraçuxur qəsəbəsində baş verən hadisəyə gəlincə bildirdi ki, hazırda hadisə ilə bağlı araşdırma gedir, hadisənin hansı səbəbdən baş verdiyini deyə bilmərik. Liftin təmiri üçün sakinlərdən pul yığılmasına gəlincə isə Üzeyir Aslanov sakinlərdən yalnız 20 qəpik abunə haqqının yığıldığını bildirib: "Kimə pul verirlərsə, gəlib desinlər araşdıraq. Bu, hansı ərazidə bu baş veribsə, həmin yerə müraciət etsinlər. Bundan başqa, sakinlər baş idarənin telefon nömrəsinə 422-10-94-a zəng edə bilərlər. Pul yığılma varsa, qanunsuzdur".
Rəis bildirdi ki, bu ilin əvvəlindən 1000-dən yuxarı yeni lift gətirilib, bu liftlər öz keyfiyyətinə görə fərqlənir. Əlavə etdi ki ,istismarı bitmiş liftlərin bir qismi dəyişdirilib bir qismi isə ilin sonuna kimi dəyişdiriləcək. Biz də ümid edirik ki, yeni quraşdırılmış liftlərdə bir daha bədbəxt hadisələr baş verməyəcək.