Ermənistan Azərbaycanın su resurslarını necə çirkləndirir?
Ermənistan Azərbaycanın su resurslarını çirkləndirən əsas ölkələrdən biridir. APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib. Onun sözlərinə görə, suların əsas çirklənməsi Ermənistanla Azərbaycanın indiki sərhəd zonasında gedir: "O zonaya tökülən çayların demək olar ki, hamısı daşıyıcıdır. Bunlar əsasən ağır metallardır. Dünyada ən zəhərli metal olan arsendir. Həmin sular çirkli faktorların daşıyıcılarıdır. Gətirib Xəzər dənizinə tökür".
Onun sözlərinə görə, əsas problem budur ki, bu dib çöküntüləri su vasitəsi ilə yayılır. Bu, canlı orqanizmlərə mənfi təsir göstərir. İnstitut direktoru bu məsələnin dəfələrlə beynəlxalq qurumlar qarşısında qaldırıldığını bildirib. Lakin bu məsələdə Azərbaycanın Ermənistanın daxili suları olması səbəbi ilə təsir mexanizminin o qədər də güclü olmadığını deyib.
Azərbaycan Strateji Araşdırmaları mərkəzinin direktoru Fərhad Məmmədov bu məsələ ilə bağlı Bakıda gələn ilin 3-cü rübündə böyük bir konfransın keçirilməsinin planlaşdırıldığını deyib: "Burada beynəlxalq ekspertlər və su məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək. Cənubi Qafqazda transsərhəd çayların hüquqi statusu eyni zamanda su ehtiyatlarının bir terror eyni zamanda siyasətdə istifadə olunmasının imkanlarını araşdıracağıq"
Fərhad Məmmədovun sözlərinə görə, Ermənistandan ekspertlərin konfransa dəvət olunub olunmayacağı hazırlıq işlərinin sonunda məlum olacaq. Bu konfransı hər hansı bir tərəfin təhdid edilməsi yox, bu məsələnin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində olacaq.
Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə “Ermənistanın hidroterror və hidrodiversiya aktları regional təhlükəsizliyə təhdid kimi” mövzusunda elmi-praktik konfrans keçirilib.