"Qadın zorakılığına YOX!"
Azərbaycanda "Qadın zorakılığına yox deyək" devizi altında "16 günlük fəallıq proqramı" layihəsinə start verilib. APA TV-nin xəbərinə görə, noyabrın 25-də Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi layihənin təqdimatını keçirib. Komitə sədri Hicran Hüseynova bildirib ki, noyabrın 25-i Benynəlxalq Qadınlara Qarşı Zorakılığın aradan qaldırılması günüdür. 10 dekabr isə İnsan Hüquqları günüdür. Onlar aradakı 16 gündə fəallıq proqramı tətbiq edərək gender əsaslı zorakılıq hallarına qarşı mübarizə, maarifləndirmə işləri aparacaqlar.
5 ildir, həyata keçirilən layihədə bu dəfə əsas istiqamət erkən nikahlarla bağlıdır. Qeyd edildi ki, bununla bağlı kifayət qədər möhkəm qanunvericilik bazası formalaşıb. Ancaq qanunvericiliyin möhkəmlənməsi son hədd deyil. İctimai qınaq və əhalinin maarifləndirilməsi işlərinin görülməsinə də böyük ehtiyac var.
Tədbirdə rejissor Bəxtiyar Xanızadənin qadın zorakılığından bəhs edən "Anlam" pantomim tamaşasının da təqdimatı keçirildi.