"Metsamor böyük təhlükə mənbəyidir"
Araz çayının Ermənistan hissəsində heç bir radioaktiv çirklənmə baş vermir. APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib. Onun sözlərinə görə, Ermənistan Araz suyundan yalnız Metsamor AES-i soyutmaq üçün istifadə edir. Bu zaman suyun heç bir radioaktiv çirklənməsi baş vermir.
Adil Qəribov Atom Elektrik stansiyasının reaktorunun istifadə müddətinin bitməsi səbəbindən böyük təhlükə mənbəyi olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda işləyən blokun layihə ömrünün 20-25 il olmasına baxmayaraq, 33 ildir ki istifadədədir: "9 ballıq seysmik zonada belə bir qoca reaktorun istifadəsi təhlükə mənbəyidir. Azərbaycan dövləti dəfələrlə MAQATE vasitəsi ilə bu məsələni qaldırıb. Hazırda Metsamor AES-in 2016-ci ilə qədər təhlükəsizliyinin təmin olunması işləri aparılmalıdır".
Adil Qəribov bildirib ki, Ermənistan bu tapşırıqları yerinə yetirə bilsə, 2016-cı ildə MAQATE AES-in 2026-cı ilə qədər istifadə edilməsi məsələsini qaldıracaq. Lakin bu məsələ külli miqdarda vəsait tələb edir ki, buna da Ermənistanın maddi imkanı çatmayacaq.