Temperatur 37 dərəcəyə yüksələcək
İyulun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə bildirilib ki, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-24, gündüz 29-34 dərəcə isti, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında əsasən, dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.