Mustafa Dənizli LƏNKƏRANA GƏLDİ
Türkiyənin tanınmış futbol mütəxəssisi Mustafa Dənizli Lənkərana gəlib. APA TV-nin cənub bürosunun məlumatına görə, “Xəzər Lənkəran” futbol klubunun baş məşqçi postuna namizəd olan Dənizli Lənkəran Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verib. O, ilk əvvəl “Xəzər Lənkəran”ın bazasında komanda üzvləri ilə görüşüb mövcud vəziyyəti öyrənməcəyini, sonra konkret fəaliyyət planına start verəcəyini söyləyib. Mustafa Dənizli komandanın əvvəlki məşqçisi Con Toşakla görüşəcəyini istisna etməyib.
64 yaşlı futbol mütəxəssisi uzun illər "Altay" və "Qalatasaray" komandalarında oynadıqdan sonra 1984-cü ildə futbolçu karyerasını bitirib. Türkiyə millisində 10 oyunda 2 qol vuran sabiq hücumçu məşqçilik karyerasına "Qalatasaray"da başlayıb. 1987-89 və 1990-92-ci illərdə bu klubu çalışdıran mütəxəssis Türkiyə yığması, "Fənərbağça", "Beşiktaş" kimi komandalara da rəhbərlik edib. Bir sıra Türkiyə və xarici klublarda çalışan Dənizlinin son komandası bu il ayrıldığı "Çaykur Rizəspor" olub.
Dənizli çalışdırdığı hər üç İstanbul nəhəngi ilə ölkə çempionu olub.