Nəqliyyat Nazirliyinin əməkdaşlarının maşını qəzaya uğradı

Nəqliyyat Nazirliyinin əməkdaşları Zaqatalada yol qəzasına düşüb. APA TV-nin xəbərinə görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Mazıx kəndi ərazisindən keçən hissəsində baş verib. Qax rayon sakini, Məhyəddinov Elşən Xaləddin oğlu idarə etdiyi “Mitsubishi L 200” markalı avtomobillə  yolun kənarındakı maniyəyə çırpılıb. Daha sonra avtomobil yoldan çıxaraq  çuxura düşüb. Qəza nəticəsində sürücü Elşən Məhyəddinov və avtomobildə olan sərnişin Mingəçevir şəhər sakini, Cavadov Ruslan Adil oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, Elşən Məhyəddinovun və Ruslan Cavadovun vəziyyəti hazırda orta ağırdır.

 

Faktla bağlı  Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Yol qəzasına düşən Elşən Məhyəddinov və Ruslan Cavadov Nəqliyyat Nazirliyinin əməkdaşlarıdır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov