Səxavət Məmmədov anıldı
Beynəlxalq Muğam Mərkəzində muğam ustası, görkəmli xanəndə Səxavət Məmmədovun 60 illik yubileyi gecəsi keçirilib. APA TV-nin xəbərinə görə, tədbiri giriş sözü ilə açan xalq artisti İlham Əsgərov Səxavət Məmmədovun Azərbaycan muğam sənətinin inkişafında göstərdiyi xidmətlərdən danışıb.
Xalq artisti Siyavuş Kərimi bildirib ki, Səxavət Məmmədov Azərbaycan xanəndəlik məktəbinin parlaq nümayəndələrindən biridir.
Yubiley gecəsində nümayiş olunan videoçarxda xalq şairi Bəxtiyar Vahabzadənin, akademik Vasim Məmmədəliyevin, şair Qulu Ağsəsin, xalq artistləri Arif Babayevin, Əlibaba Məmmədovun Səxavət Məmmədov haqqında fikirləri səsləndirilib.
Xatirə gecəsində iştirak edən mərhum xanəndənin oğlu Bəxtiyar Məmmədov Azərbaycan musiqisinin sərhədləri aşaraq dünyaya yayıldığını deyib.
Anım gecəsi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Xan Şuşinski fondunun təşkilatçılığı ilə baş tutub. Tədbirdə S.Məmmədova həsr olunan kitab iştirakçılara hədiyyə olunub.