ZAQATALADA MAŞININ GÜLLƏBARAN EDILMƏSINƏ görə bir nəfər tutuldu

Zaqatalada baş verən atışma ilə əlaqədar bir nəfər həbs edilib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində içərisində 4 nəfərin olduğu avtomobilə atəşin açıldığı “VAZ-2107” markalı avtomobilin sürücüsü, Balakən rayon sakini Vüqar Lahıcov saxlanılıb. Hazırda hadisənin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Noyabrın 24-də Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində “VAZ-2107” markalı avtomobildə olan naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb. Vüsal Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb.  Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv