AVTODAYANACAQLARIN QİYMƏTİ necə müəyyənləşir? -

"Nəqliyyat Nazirliyi dayanacaqların qiymət məsələsinə baxmır və belə bir niyyəti də yoxdur".

 

APA TV-nin xəbərinə görə, Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov deyir ki, Azərbaycanda avtomobil dayanacaqlarını həm Nəqliyyat Nazirliyi, həm də Bakı şəhər İcra Hakimiyyəti tikdirir. Bu obyektlər hazır olduqdan sonra xüsusi podratçı şirkətlərə verilir. Qiymətlər xidmət səviyyəsindən asılı olaraq dəyişir və özəl sahə olduğu üçün qiymətləri bazar tənzimləyir.

 

Nazirliyin nümayəndəsi deyir ki, həmin podratçı şirkətlər avtodayanacaqlardan pul qazanır, işçi saxlayır və vergi ödəyir: “Sahibkar qiyməti ona sərf edən həddə saxlamalıdır. Əks halda bu iş ona sərf etməz. Ona görə də parkinqdən imkanı olanlar istifadə edirlər. Digər tərəfdən, parkinq hamı üçün deyil, həm də avtodayanacaqların Bakıdakı maşınların sayını qarşılaya bilməsi də mümkün deyil. Parkinq sıxlığı azaltmaq, tıxacın qarşısını almaq üçün nəzərdə tutulub”.

 

Namiq Həsənov onu da bildirdi ki, Bakıda 100-dən çox dayanacağın layihəsi hazırlanıb, şəhərin əsas giriş-çıxışlarında iri və daha ucuz dayanacaq xidmətindən istifadə etmək də mümkün olacaq. Bu addım paytaxtın tıxac yükünü azaltmağa xidmət edəcək. 

Müəllif | Apa.Tv